Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhərdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Səməd Vurğun küçəsində olub

14 aprel 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, ötən ilin əvvəlindən başlayaraq dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazax şəhərinin içməli su və kanalizasiya sistemi yenidən qurulur. Podratçı təşkilat tərəfindən küçələrdə paralel olaraq həyata keçirilən su və kanalizasiya xətlərinin çəkilişi uğurla icra olunur.
Rayon rəhbərliyi su-kanalizasiya sisteminin çəkilməsinə başlanılan ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bunun bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov aidiyyatı şəxslərlə birlikdə su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan Səməd Vurğun küçəsində olub. Burada görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanov S.Vurğun küçəsində hazırda son tamamlanma işlərinin aparıldığını bildirib. Ümumiyyətlə, bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 70,2%, su təchizatı borularının quraşdırılması üzrə isə 57,7% işlərin yerinə yetirildiyini qeyd edib. Su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması, çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat verib.
“Bizə çəkilişin tez bir zamanda başa çatması ilə yanaşı, işlərin keyfiyyətlə aparılması da lazımdır”, - deyən icra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha vurğulayıb. Eyni zamanda çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində tapşırıq və tövsiyələrini verib.
Sonra icra başçısı abadlıq işləri aparılan şəhərin Səməd Vurğun küçəsi döngə 6 ünvanında olub. Rayon rəhbərinə məlumat verilib ki, həmin ərazidə köhnə bardürlər sökülərək yenilənib. Sonda isə yeni asfalt döşənəcək.

 

Keçidlər