Gömrükçülər Qazaxda 60 aztəminatlı ailəyə dəstək olub
Bildiyiniz kimi, ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə əməl etməklə, “Biz birlikdə güclüyük” devizi altında keçirilən xeyriyyə aksiyasına start verilib.
Təqdirəlayiq haldır ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin “Biz birlikdə güclüyük” çağırışına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi də qoşulub. Komitənin əməkdaşları özündə birliyi, həmrəyliyi, qayğını, dövlətə, Prezidentə inamı əks etdirən bu çağırışla vətəndaşlarımızın yanında olduqlarını bir daha nümayiş etdiriblər.
Dövlət Gömrük Komitəsinin əməkdaşları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə Qazaxda şəhərin Ə.Şıxlinski küçəsində yaşayan, qayğıya ehtiyacı olan 60 aztəminatlı ailəyə yardım ediblər.
Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun əməkdaşları aztəminatlı ailələrə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar. Gömrük əməkdaşları, eyni zamanda, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.