"Saloğlu” mebel fabriki Qazaxda 200 aztəminatlı ailəyə dəstək olub
2000-ci ildən Qazax rayonunda fəaliyyət göstərən "Saloğlu” mebel fabriki bu gün nəinki respublikamızda, hətta, ölkə hüdudlarından kənarda belə tanınır. Fabrik Qərb bölgəsinin ən böyük rəqabətli müəssisələrindən biri olmaqla yanaşı, istehsal etdiyi məhsullar da alıcılar tərəfindən böyük rəğbətlə qarşılanır. Bu gün "Saloğlu” mebel fabriki 20 illik fəaliyyəti dövründə yerli mebel istehsalı sahəsində öz sözünü deməklə bərabər, xarici bazarda da "Made in Azerbaijan” brendini layiqincə təqdim edir. İstehsala başladığı ilk gündən hər zaman keyfiyyətə üstünlük verən “Saloğlu” mebel fabriki yataq otağı, qonaq otağı və yumşaq mebel dəstlərinin topdan və pərakəndə satış bazarında liderliyini qoruyur. 400 nəfərlik kollektivlə, respublikamızın Qərb bölgəsində, Qazax rayonunda yerləşməklə ölkə iqtisadiyyatına öz töhfəsini verməkdədir. Bu gün "Venzana” layihəsini uğurla gerçəkləşdirən fabrik həm ölkə iqtisadiyyatının güclənməsi, həm də əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır.
Ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq, Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan "Saloğlu” mebel fabriki sözün əsl mənasında birlik, həmrəylik nümayiş etdirib.
Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazaxda məcburi köçkün ailələrinə, eləcə də qayğıya ehtiyacı olan aztəminatlı ailələrə dəstək olub.
"Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyasında 200 ailəyə gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı başda olmaqla rayon rəhbərliyinə minnətdarlıqlarını bildirən sakinlər xeyriyyə kampaniyasını yüksək qiymətləndiriblər. Ölkə başçısının "Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq, hər zaman nümunəvi addım atan "Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayevə təşəkkürlərini çatdırıblar. Özündə birliyi, həmrəyliyi, dövlətin dəstəyini əks etdirən nəcib aksiyaya görə razılıq ediblər.