Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda xeyriyyə aksiyaları davam etdirilir

19 aprel 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulanların sayı getdikcə artır. Hər zaman qazaxlıların, həmyerlilərinin yanında olan Kamran Nəbizadə sözün əsil mənasında birlik, həmrəylik nümayiş etdirib. O, koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Qazaxda məcburi köçkün ailələrinə dəstək olub. Göstərilən dəstək sayəsində rayonun işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış yeni qəsəbədə yaşayan 304 məcburi köçkün ailəsinə gündəlik qida məhsullarından ibarət sovqat paylanılıb. “Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası qəsəbə sakinləri tərəfindən böyük razılıqla qarşılanıb. Onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Prezidentimizin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olan Kamran Nəbizadəyə təşəkkürlərini çatdırıblar. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən məcburi köçkünlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətiriblər.

***


“Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri də bu ümumrespublika kampaniyasına qoşulublar. Birliyin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədovun təşəbbüsü ilə Birliyin üzvü olan iş adamları tərəfindən reallaşan bu kampaniya özündə birliyi, həmrəyliyi nümayiş etdirməklə yanaşı, həm də ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışına səs verərək vətəndaşlarımıza dəstək olmaqdır. Rayonun Daş Salahlı kəndində qayğıya ehtiyacı olan 110 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylanılıb.
İctimai Birliyin üzvü, şair Zaməddin Ziyadoğlu, “Gənc Könüllülər” və aidiyyatı şəxslər həmin sovqatları sahiblərinə çatdırıblar. Kampaniyanı razılıq hissi ilə qarşılayan ailələr əməyi keçən hər kəsə minnətdarlıqlarını bildiriblər.

***


Gömrükçülər koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi dövründə Qazaxda şəhərin Ə.Şıxlinski küçəsində yaşayan, qayğıya ehtiyacı olan 60 aztəminatlı ailəyə yardım ediblər. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun əməkdaşları aztəminatlı ailələrə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıblar.

Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
19 aprel 2020-ci il

Keçidlər