Milli Məclisin deputatı Səməd Seyidov Qazaxda əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub
Bu gün əminliklə söyləyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısını daim hiss edən bölgələrimizdən biri də məhz Qazax rayonudur. Bunun bariz nümunəsi olaraq da "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə təmirə ehtiyacı olan 11 məktəbin salınmasını göstərə bilərik. Bu, dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan böyük diqqət və qayğının Qazaxın timsalında əyani sübutudur.
Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir ki, bu gün həmin məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub. Xeyli vaxtdır ki, böyük bir tikinti meydançasını xatırladan məktəbdə demək olar ki, əsas işlər yekunlaşıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Milli Məclisin deputatı Səməd Seyidovla birlikdə əsaslı təmiri yekunlaşan Kosalar kənd tam orta məktəbində olub, görülən son tamamlanma işləri ilə maraqlanıb.
İş icraçısı İlqar Səfərov rayon rəhbərliyinə bildirib ki, istər binanın daxilində, istərsə də xarici fasadda bütün işlər başa çatıb. Hazırda məktəbin hər 3 mərtəbəsində müasir standartlara cavab verən avadanlıqların yığılması yekunlaşmaq üzrədir.
İş icraçısı Əhməd Rəhimov isə məktəbin həyətində görülən işlər haqda məlumat verib. Qeyd edib ki, məktəbdə yaşıllaşdırma və abadlıq üçün hazırlıq işlərinə start verilib. Asfalt örtüyün vurulmasına başlanılacaq. Bundan əlavə, futbol, basketbol və voleybol meydançasının tikintisi davam etdirilir. Yardımçı binalar da inşa olunub. Bundan başqa, məktəb binasının arxa hissəsində tikilən hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxana da tam hazırdır. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq tikilən güləş zalı da hazırdır.
Məktəbdə görülən işləri yüksək qiymətləndirən Milli Məclisin deputatı Səməd Seyidov Kosalar məktəbinin yenidən qurulmasını istər ölkə başçısı, istərsə də Birinci vitse-prezident tərəfindən Qazaxda təhsil sahəsinə olan böyük diqqət, qayğı kimi dəyərləndirib.
Kənd sakini Tariyel Nəsibov ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya məktəbin əsaslı şəkildə yenidən qurulmasına görə bütün kənd sakinləri adından bir daha minnətdarlığını bildirib. İdmançıların istəyini nəzərə alaraq kənddə güləş zalının tikintisinə görə bütün idmançılar adından da təşəkkürünü çatdırıb. Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini istər müəllimlərin, istərsə də şagirdlərin böyük sevinc və minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyib.
Rayon rəhbəri həmçinin Qazaxda daha iki məktəb üçün yeni inzibati binaların inşa olunduğunu da qeyd edib. Heydər Əliyev Fondu tərəfindən Ş.Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə A.Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binaların inşasının davam etdirildiyini diqqətə çatdırıb.