Qazaxda çoxuşaqlı ailələr də diqqətdən kənarda qalmadı
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə, Qazax Rayon İcra Hakimiyyəti və “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən aztəminatlı ailələrə dəstək olmaq məqsədilə Qazaxda “Biz birlikdə güclüyük!” devizi altında start verilən xeyriyyə kampaniyası davam etdirilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışı əsasında dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə başlanılan aksiyanın rayonda yaşayan bütün təbəqədən olan insanları əhatə etməsi cəmiyyət tərəfindən də razılıqla qarşılanır. Özündə dövlət qayğısını əks etdirən bu aksiyada rayonun daim atəş altında olan, sərhəddə yerləşən Quşçu Ayrım, Məzəm, Fərəhli, Cəfərli, Bala Cəfərli kəndlərində yaşayan sakinlərlə, Qarabağ müharibəsi əlilləri, Çernobl əlilləri və hərbi xidmət əlilləri, aztəminatlı ailələrlə yanaşı, 5 və daha çox uşağı olan ailələr də diqqətdən kənarda qalmayıb. Rayonda yaşayan 5,6,8 uşaqlı ailələrə gündəlik tələbatlarını ödəyəcək ərzaq məhsullarından ibarət sovqatların çatdırılması ölkə başçısının, rayon rəhbərliyinin hər zaman vətəndaşının yanında olmasını bir daha nümayiş etdirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova, aparatda İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi Gülnar Quluyeva şəhərdə və rayonun Ağköynək kəndində yaşayan həmin çoxuşaqlı ailələrdə olublar. “Gənc Könüllülər”in iştirakı ilə ərzaq məhsullarından ibarət sovqatları sahiblərinə çatdırıblar.
Beş uşaq anası Şərqiyə Mahmudova, altı uşaq anası Nahidə Həsənova, səkkiz uşaq anası Elnarə İsmayılova və altı uşaq anası Şölə Xəlilova özündə birliyi, həmrəyliyi, dövlət qayğısını əks etdirən “Biz birlikdə güclüyük!” şüarı altında həyata keçirilən xeyriyyə aksiyasını razılıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Bu nəcib təşəbbüsü yüksək qiymətləndiriblər. Onlara göstərilən dövlət qayğısına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Dövlət başçısının “Biz birlikdə güclüyük!” çağırışına dəstək olaraq bu çətin günlərdə onların yanında olub, qayğı göstərildiyinə görə rayon rəhbərliyinə dərin təşəkkürlərini ifadə ediblər.