Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda "Biz birlikdə güclüyük!” devizi altında başlanılan xeyriyyə aksiyası dövlət qayğısının əyani təzahürüdür

28 aprel 2020 | 16:00

Artıq hər kəsə yaxşı məlumdur ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi dövründə insanlara dəstək məqsədilə Qazaxda ölkə Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışına əsasən həmin şüar altında xeyriyyə kampaniyası həyata keçirilir. Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən reallaşan bu aksiyanın əsas məqsədi isə aztəminatlı ailələrə qayğı göstərməklə dövlət tərəfindən həyata keçirilən tədbirləri dəstəkləməkdir.
Xüsusi karantin rejiminin tələblərinə riayət edilməklə, aksiya çərçivəsində Bala Cəfərli kəndinin daim atəş altında olması nəzərə alınaraq həmin kənddə yaşayan 27 ailəyə növbəti dəfə qayğı göstərilib. Düşmənlə üz-üzə dayanan həmin qəhrəman ailələrə un məhsulundan ibarət sovqatın verilməsi dövlət qayğısını bir daha nümayiş etdirib.
Xeyriyyə aksiyası çərçivəsində şəhərdə yaşayan, qayğıya ehtiyacı olan insanlara, aztəminatlı ailələrə də diqqət ayırılıb. "Gənc Könüllülər”in iştirakı ilə daha 38 aztəminatlı ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Ölkə başçısının dəstəyini hər an hiss edən sakinlər onun  "Biz birlikdə güclüyük” çağırışını da onlara olan növbəti qayğının bariz nümunəsi kimi qiymətləndiriblər. Hər zaman olduğu kimi, belə çətin anda da onların yanında olduqlarına görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Azərbaycan vətəndaşının hər zaman öz dövlətinə və ölkə rəhbərinə arxalandıqlarını dilə gətiriblər.
Onu da qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü əsasında reallaşan aksiya çərçivəsində bu günə kimi, 6 mindən çox qayğıya ehtiyacı olan insanlara və aztəminatlı ailələrə dəstək olunub.

Keçidlər