Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda xüsusi karantin rejimi dövründə fəaliyyətləri bərpa olunan bir sıra obyektlərdə dezinfeksiya işləri aparılıb

29 aprel 2020 | 16:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunan koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə sahəsində əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılmışdır. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilmiş və 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilmişdir.
Qazaxda da ilk gündən koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması istiqamətində məqsədyönlü mübarizə tədbirləri həyata keçirilir. Ən əsası da respublikamızda elan edilən xüsusi karantin rejimi dövrü bitənədək ölkəmizin şəhər və rayonlarında yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına dair tələblər rayonda olduğu kimi yerinə yetirilir. İlk gündən prospekt və küçələrdə yerləşən çoxmənzilli yaşayış binaları, binaların giriş və ətrafı, parklar, ticarət və xidmət obyektləri mütəmadi olaraq dezinfeksiya olunur.
Bugünkü növbəti dezinfeksiya işləri də ölkə üzrə 27 aprel 2020-ci il saat 00:00-dan etibarən fəaliyyətləri bərpa olunan xidmət sahələri üzrə olan obyektlərdə aparılıb. Belə ki, Nazirlər Kabinetinin Qərarında əksini tapan elektronika və məişət texnikasının satışı, mebel satışı ilə məşğul olan xidmət sahələrinə məxsus mağazalar və mebel salonları dezinfeksiya edilib.
Qazax Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərin Heydər Əliyev prospektində, Əliağa Şıxlinski küçəsində, eləcə də digər ərazilərdə yerləşən mağaza və salonlar koronavirus infeksiyasına qarşı suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı ilə dərmanlanıb.
Məlumat üçün qeyd edək ki, bu günə kimi, istər əl aparatı vasitəsilə, istərsə də maşınla aparılan bütün dezinfeksiya işləri təlimata uyğun olaraq həyata keçirilir. Mərkəzin əməkdaşları tərəfindən Xloromin B, xlorlu əhəng və Bromosepto-DEZ adlı dezinfeksiyaedici maddələrdən istifadə olunaraq xüsusi məhlul hazırlanır. Qapalı müəssisələrdə və yaşayış binalarında əl aparatları vasitəsilə aparılan dezinfeksiya işlərində əsasən Xloromin B və Bromosepto-DEZ maddələrindən istifadə edilir. 20 litr tutumu olan əl aparatında 20 litr suya qram hesabı ilə 200 qram Xloromin B, 200 qram Bromosepto-DEZ (10 litr suya hər maddədən 100 qram olmaqla) qatılır. Maşın vasitəsilə görülən dezinfeksiya işlərində isə hər 1 ton suya 3 kiloqram hesabı ilə xlorlu əhəng əlavə olunur.

H.Əliyev prospektində yerləşən elektronika və məişət texnikasının satışı mağazaları

Şəhər ərazisində yerləşən mebel salonları

Keçidlər