Qazaxda "Biz birlikdə güclüyük!” devizi altında növbəti sosial aksiya həyata keçirilib
Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi dövründə genişmiqyaslı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Xüsusən də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazaxda həmin şüar altında başlanılan xeyriyyə kampaniyası da məhz bu məqsədi daşıyır. Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən bu aksiyada əsas məqsəd ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəkləməkdir.
Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Qazaxda növbəti sosial aksiya həyata keçirilib. Belə ki, Rayon İcra Hakimiyyəti tərəfindən şəhər və kəndlər daxil olmaqla müxtəlif yaşayış məntəqələrində yaşayan 117 aztəminatlı ailəyə ərzaq sovqatı verilib. AHİK tərəfindən isə 50 ailə daxil olmaqla, ümumilikdə, rayonda daha 167 aztəminatlı ailəyə qayğı göstərilib.
"Gənc Könüllülər”in iştirakı ilə şəhərin müxtəlif ünvanlarında, eləcə də kəndlərdə yaşayan qayğıya ehtiyacı olan həmin ailələr ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları paylanılıb.
Dövlətin dəstəyini hər an hiss edən sakinlər karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Koronavirus infeksiyasının bütün dünyada tüğyan etdiyi bu çətin günlərdə onlara verilən sosial dəstəyə görə təşkilatçılara təşəkkürlərini çatdırıblar. Qeyd edək ki Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü əsasında reallaşan aksiya çərçivəsində bu günə kimi, 7 minə yaxın qayğıya ehtiyacı olan insana və aztəminatlı ailəyə dəstək olunub.