Qazax RİH başçısı İƏD üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirib
Qazaxda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, icra aparatının məsul şəxslərinin, RİHB-nin şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib. Rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə atılan addımların öz töhfəsini verdiyini, bu gün Azərbaycanın pandemiya ilə mübarizə sahəsində ən uğurlu addımlar atan ölkələr sırasında dayandığını qeyd edib.
İcra başçısı koronavirus infeksiyasına qarşı mübarizənin ilk günlərindən Qazaxda maarifləndirmə tədbirlərinin keçirildiyini, rayonda koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən qabaqlayıcı profilaktik tədbirlərin bu gün də davam etdirildiyini bildirib. RİHB yanında yaradılmış operativ qərargahın tərtib etdiyi qrafikə uyğun olaraq Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilən işlərin xüsusi karantin rejimi dövrü bitənədək şəhər və rayonların yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə yerinə yetirildiyini vurğulayıb. Qeyd edib ki, çoxmənzilli binalar, küçə və prospektlə yanaşı, park və xiyabanlar, habelə xüsusi karantin rejimi dövründə fəaliyyət göstərən bütün idarə və müəssisələr, xidmət sahələri üzrə olan obyektlər dezinfeksiya edilib.
Videokonfransda aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində görülən işlərdən də söz açılıb. Rayon rəhbəri dövlət başçısının "Biz birlikdə güclüyük!” çağırışına əsasən Qazaxda həmin şüar altında başlanılan xeyriyyə kampaniyasından da danışıb. Bildirib ki, Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri tərəfindən start verilən bu aksiyada əsas məqsəd ölkə rəhbərinin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi tədbirləri dəstəkləməkdir. İcra başçısı karantin rejimi müddətində ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşların yanında olmasını bu gün hər bir qazaxlının minnətdarlıq hissi ilə qarşıladığını vurğulayıb. Qazax Rayon İcra Hakimiyyəti və "Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsü əsasında reallaşan aksiya çərçivəsində rayonda bu günə kimi 7860 qayğıya ehtiyacı olan aztəminatlı ailəyə dəstək olunduğunu diqqətə çatdırıb. Dövlət qayğısı sayəsində bu aksiyanın rayonda daim atəş altında olan sərhəd kəndlərində yaşayan sakinləri, Qarabağ müharibəsi əlillərini, Çernobl əlillərini, hərbi xidmət əlillərini, aztəminatlı və çoxuşaqlı ailələri, hemodializ xəstələrini, rayonun uzunömürlü sakinlərini, Böyük Vətən Müharibəsi iştirakçılarını, eləcə də qayğıya ehtiyacı olan bütün təbəqədən olan rayon sakinlərini əhatə etdiyini bildirib.
İcra başçısı Qazaxda başlanılan bu aksiyada "Qazax” Xeyriyyə İctimai Birliyinin, Milli Məclisin deputatları Səməd Seyidovun, Ülviyyə Ağayevanın, rayondan kənarda yaşayan qazaxlıların, iş adamlarının, sahibkarların, eləcə də müxtəlif sahələrdə çalışan insanların əsl həmrəylik nümayiş etdirmələrini, çətin anda öz həmyerlilərinin yanında olmalarını minnətdarlıq hissi ilə qeyd edib.
Rayon rəhbəri respublikamızda rüşvətxorluğa qarşı aparılan mübarizə tədbirlərinin Qazaxda da birmənalı şəkildə yerinə yetirildiyini bildirib. Ölkə başçısının bu sahədə barışmaz mövqeyinin hər zaman əldə rəhbər tutularaq şəffaflığın təmin olunması sahəsində məqsədyönlü işlər görüldüyünü, ən əsası da şəffaflığın bütün sahələri əhatə etdiyini qeyd edib. İcra başçısı son 4 ildə rayonda bütün sahələrdə şəffaflığın tam təmin olunduğunu, neqativ halların aradan qaldırıldığını vurğulayıb və bundan sonra da şəffaflığın tam təmin olunacağını söyləyib.
Rayon rəhbəri videokonfransda mayın 1-də Prezident İlham Əliyevin yeni Baş prokuror Kamran Əliyevi qəbul edən zaman dövlət məmurlarına verdiyi tapşırıqlarla bağlı müzakirələr aparıb. Hər kəsin bu tapşırıqları əldə rəhbər tutaraq Vətənə, dövlətə, millətə layiqli xidmət edərək əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmələrini bildirib. Rayonda həssas qruplara aid ailələrə, ədalətli şəkildə müəyyən olunmuş ehtiyaclı şəxslərə dövlət yardımlarının və ərzaq paylarının vicdanla və xüsusi nəzarət qaydasında çatdırılmasına diqqətin artırılmasını tapşırıb.
Videokonfransda rayonda kənd təsərrüfatının mövcud vəziyyəti, yaz-tarla əkin sahələrinin suvarılması, suvarılmada növbəlilik prinsipinə riayət olunması, əkin sahələrinin suvarılması üçün rayonda mövcud olan subartezian quyularının hazırki vəziyyəti və s. məsələlər haqda da müzakirələr aparılıb.
Sonda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və təlimatlarının vətəndaşlara vaxtında və düzgün çatdırılmasının, həmçinin bütün qaydalara əməl olunmasının vacibliyini vurğulayan icra başçısı bununla bağlı aidiyyəti şəxslərə bir daha ciddi tapşırıqlar verib.