Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda fəaliyyəti bərpa olunan ticarət obyektlərində çalışan insanlara tibbi maska paylanılıb

07 may 2020 | 16:00

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 may 2020-ci il tarixli qərar qəbul edib. Həmin qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 31 may saat 00:00-dək uzadılıb. Lakin buna baxmayaraq “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 120 nömrəli Qərarının 3-cü hissəsi ilə fəaliyyəti qadağan edilmiş iş və xidmət sahələrinin fəaliyyəti bərpa olunub. Fəaliyyəti bərpa edilən sahələrdən biri də ticarət obyektləridir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün tələb və qaydalara ciddi şəkildə əməl olunur. Belə ki, fəaliyyətləri bərpa olunan bütün ticarət obyektlərinin sahibləri tibbi maskadan istifadə edərək öz işlərini davam etdirirlər.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənc Könüllülər” tərəfindən fəaliyyəti bərpa olunan ticarət obyektlərində kosmetika və ətriyyat məhsullarının satışı, geyim və ayaqqabıların, o cümlədən dəri məmulatlarının satışı, qızıl və digər bəzək əşyalarının satışı, eləcə də bazarda ərzaq məhsullarının satışı ilə məşğul olan insanlara tibbi maska paylanılıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinici müavini Məmməd Alıyev və Rayon Polis şöbəsinin xidmət üzrə rəis müavini Şakir Rəsulov fəaliyyətləri bərpa olunan ticarət obyektlərinin sahibləri ilə görüşüblər. Məhdudiyyətlərin götürülməsinə, satış üçün icazənin verilməsinə baxmayaraq yenə də xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə yanaşmaları, məsuliyyətli davranmaları, virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbirləri görmələri barədə maarifləndirici söhbətlər aparıblar.
Qazaxda həyata keçirilən aksiyanı razılıq hissi ilə qarşılayan mağaza sahibləri ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən görülən işləri yüksək qiymətləndiriblər. Ölkə vətəndaşlarının sağlamlığının qorunması sahəsində həyata keçirilən qabaqlayıcı tədbirlərə görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Bu cür təşəbbüsün reallaşmasına və göstərilən qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Keçidlər