İcra başçısı Səməd Vurğun və Molla Pənah Vaqif küçələrində görülən işlərlə maraqlanıb
Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın bütün bölgələri gündən-günə inkişaf edir. Sevindirici haldır ki, ölkə başçısının qayğısını, dəstəyini hiss edən rayonlarımızdan biri də Qazax rayonudur. Dövlət başçısının və rayon rəhbərliyinin diqqəti, qayğısı sayəsində son illər rayonda yeni asfalt yollar çəkilir, əhalinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, çoxmənzilli yaşayış binaları təmir olunur. Rayonda çoxsaylı məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilir, təmirə ehtiyacı olan məktəblər əsaslı şəkildə yenidən qurulur. Bütün bunlar isə Qazaxda ildən-ilə geniş vüsət alan abadlıq və quruculuq işlərinin bariz nümunəsidir.
Ölkə rəhbərinin qayğısı nəticəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Qazaxda şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması da rayonun abadlaşması deməkdir. Bunu şəhərdə paralel olaraq aparılan su və kanalizasiya xətlərinin çəkilişi ilə yanaşı, çəkiliş başa çatan Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri, yeni asfalt örtüyün döşənməsi əyani şəkildə sübut edir. Həyata keçirilən quruculuq işləri onu söyləməyə əsas verir ki, qısa zaman kəsiyində Qazax müasir yolları ilə yeni görkəm alaraq respublikamızın abad rayonlarından birinə çevriləcək.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi yekunlaşan, yeni asfalt örtüyü döşənən S.Vurğun və M.P.Vaqif küçələrində görülən abadlıq işlərinin mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərliyinə məlumat verilib ki, S.Vurğun küçəsi döngə 6 ünvanında artıq səkilərdəki köhnə bardürlər sökülərək yenilənib, asfalt örtüyü döşənib. Elektrik, rabitə və qaz xətləri səliqəyə salınıb, dayaqlar və ağaclar rənglənib. Küçənin asfaltlanması və digər abadlıq işləri də sürətlə davam etdirilir.
Görülən işlərlə tanış olan icra başçısı ümumiyyətlə S.Vurğun küçəsi boyunca elektrik, rabitə və qaz xətlərinin səliqəyə salınmasını, dayaqların rənglənməsini qeyd edib. Görülən işlərin keyfiyyətinə üstünlük verilməsini bildirib. Bununla bağlı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
S.Vurğun küçəsi döngə 6
M.P.Vaqif küçəsi