Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin müəllimləri “Virtual məktəb”də toplantı keçiriblər
Məlum olduğu kimi, ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək elan edilən xüsusi karantin rejimi davam edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli sərəncamına əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bu səbəbdən də ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması hələ də qüvvədə qalır. Respublikamızda xüsusi karantin rejimi elan olunduğundan və məktəblərdə tədris dayandırıldığından bu müddət ərzində şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və imkanlardan səmərəli istifadə edilir. Şagirdlərin tədris prosesindən uzaq qalmamaları üçün onlayn dərslər keçirilir, distant təhsil tətbiq olunaraq əlavə tədbirlər görülür.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən başlayaraq start verdiyi "Virtual məktəb” layihəsi Qazaxda da uğurla icra olunmaqdadır.
Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin müəllim-şagird kollektivi də Təhsil Nazirliyinin "Virtual məktəb” layihəsinə qoşularaq onlar üçün yaradılan imkanlardan səmərəli istifadə edirlər.
Bu gün məktəbin direktoru Bəsdi Ələkbərova və müəllimlərin iştirakı ilə "Virtual məktəb”də toplantı keçirilib.
Məktəbin direktoru Bəsdi Ələkbərova ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması istiqamətində görülən qabaqlayıcı tədbirlərdən söz açıb. Ölkə başçısının bu sahəyə olan qayğısı sayəsində əldə olunan uğurlu nəticələrə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Məktəb direktoru bütün məktəblər kimi, şəhər 1 nömrəli tam orta məktəbin də ilk gündən “Virtual məktəb” layihəsinə qatıldığını, xüsusilə də ibtidai sinif müəllimlərinin fəallıq nümayiş etdirdiklərini vurğulayıb. Həmin ibtidai sinif müəllimlərindən Aynur Aşurovanın, Nuriyyə Qasımovanın “Virtual məktəb”də keçdikləri dəsrlərin ürəkaçan olduğunu qeyd edib. Məktəb direktoru bütün şagirdlərin "Microsoft Teams” adlı tətbiqi yükləyərək "Virtual məktəb” portalında qeydiyyatdan keçmələri, həftəiçi keçirilən teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış tapşırıqlarla təmin olunmaları barədə tapşırıqlarını verib. Bu il buraxılış imtahanlarında iştirak edəcək IX və XI siniflərin sinif rəhbərlərinə, fənn müəllimlərinə daha da məsuliyyətli olmalarını, şagirdlərin “Virtual məktəb”ə cəlb olunmalarını tövsiyə edib.
Videotoplantıda iştirak edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna Qocayeva, ibtidai sinif müəllimlərindən Hürü Vəliyeva və Bahar Orucova çıxış edərək ölkəmizdə koronavirus pandemiyası ilə bağlı görülən işlər haqda ürək sözlərini çatdırıblar. Karantin rejimi müddətində gördükləri işlər, "Virtual məktəb”də qeydiyyatdan keçən şagirdləri və keçdikləri dərslər haqqında məlumat veriblər.
Məktəb direktoru sonda bir daha ölkə başçısı İlham Əliyevə, Təhsil Naziri Ceyhun Bayramova, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya təhsil sahəsinə göstərdikləri diqqət və qayğıya görə rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib.