Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” yubiley medalları sahiblərinə təqdim olunub

09 may 2020 | 16:00

9 May faşizm üzərində Qələbə günüdür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynayıb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Partizan hərəkatında iştirak edən soydaşlarımızın da qəhrəmanlıq nümunələri saysız-hesabsızdır. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıq və şücaəti gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü kimi qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını "Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb. “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Respublika Prezidentinin imzaladığı 24 aprel 2020-ci il tarixli Sərəncam bunun əyani sübutudur. Həmin sərəncamla İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi bu günün canlı əfsanələri olan insanlara verilən qiymətin bariz nümunəsidir. Bundan əlavə, Böyük Vətən Müharibəsi iştirakçılarının “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında ölkə Prezidentinin 1 may 2020-ci il tarixli Sərəncamı isə Böyük Vətən Müharibəsi iştirakçılarına verilən qiymətin daha bir əyani təzahürüdür. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə iştirakçılarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritet istiqamətlərindən birini təşkil edir.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 13 iyun 2019-cu il tarixli Sərəncamı ilə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı isə Böyük Vətən Müharibəsi iştirakçılarının qəhrəmanlığına verilən daha bir qiymət olub. 75 illik tarixi olan bayrama daha bir sevinc qatıb.
Sevindirici haldır ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Qazaxın mərd oğullarının da böyük payı olub. Hazırda Qazaxda həmin müharibədə iştirak edən 3 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yüksək əhval-ruhiyyədə qeyd olunub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Rayon Polis şöbəsinin rəisi Ədalət Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin rəisi Tural Məmmədov əlamətdar gün münasibətilə Böyük Vətən Müharibəsinin iştirakçıları – Daş Salahlı kənd sakini Abbas Şərifovun, Aşağı Əskipara kənd sakini Hümbət Alıyevin və şəhər sakini Xanqulu Süleymanovun evində qonaq olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Böyük Vətən Müharibəsi iştirakçılarını salamlayıb, səmimi bayram təbriklərini çatdırıb. Rəhbər təyin olunduğu ilk gündən rayonda müharibə iştirakçılarına hər zaman yüksək diqqət və qayğı göstərildiyini, onların daim diqqət mərkəzində saxlanıldıqlarını bildirib. İkinci Dünya müharibəsi veteranlarının xalqımızın fəxri olduqlarını diqqətə çatdırıb. Rayon rəhbəri qeyd edib ki, sizlərin müharibə illərində göstərdiyiniz qəhrəmanlıq bu gün də böyük hörmətlə xatırlanır, həlak olan soydaşlarımızın xatirəsi ehtiramla yad olunur. Böyük Qələbənin qazanılmasından 75 il keçsə də, İkinci Dünya müharibəsində misilsiz şücaət göstərmiş xalqımızın xidmətləri heç vaxt öz əhəmiyyətini itirmir. İcra başçısı bildirib ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın, eləcə də Qazaxın düşmən tapdağında olan 7 kəndinin azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcək. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o gün isə elə də uzaqda deyil.
Böyük Vətən Müharibəsinin iştirakçıları Abbas Şərifov, Hümbət Alıyev və Xanqulu Süleymanov çıxış edərək onları təbrikə gələn qonaqları salamlayıb, ölkə Prezidentindən və rayon rəhbərliyindən razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Xüsusilə də Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülməyimiz bizi ikiqat sevindirir. Bu, bizim göstərdiyimiz şücaətə verilən qiymətlə yanaşı, həm də onu sübut edir ki, ölkə rəhbəri hər bir sahəni diqqət mərkəzində saxlayır. Böyük Vətən Müharibəsi iştirakçıları diqqət ayırıb bayramlarını təbrikə gəldiklərinə görə ailələri adından başda ölkə rəhbəri olmaqla gələn qonaqlara öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı və “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim olunub. Səmimi və bayram əhval-ruhiyyəli görüşdə qonaqlar xatirə şəkli çəkdiriblər.

Böyük Vətən Müharibəsi iştirakçısı Abbas Şərifov

Böyük Vətən Müharibəsi iştirakçısı Hümbət Alıyev

Böyük Vətən Müharibəsi iştirakçısı Xanqulu Süleymanov

Keçidlər