Şriftin ölçüsü :

Saytın rəngi :

Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin müəllimləri “Virtual məktəb”də videotoplantı keçiriblər

12 may 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. 1 may 2020-ci il tarixli sərəncama əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən "Virtual məktəb” layihəsinə start verib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyi və xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq ilk gündən müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” şüarı altında onlayn dərslərə start verilib. Xüsusilə də karantin rejimi müddətində şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə bütün səy və imkanlardan səmərəli istifadə olunur. İstər şəhər, istərsə də kənd məktəbləri “Virtual məktəb” layihəsinə qoşularaq dərslərə qaldıqları yerdən davam edirlər.
Namiq Vəliyev adına Qazax şəhər 5 nömrəli tam orta məktəbin müəllimləri də məktəblərdə tədris dayandırıldığı vaxtdan “Zoom” proqramı ilə onlayn dərslər keçirlər. Bu gün isə "Virtual məktəb”in imkanlarından səmərəli istifadə edərək şagirdlərlə onlayn dərslərin təşkilinə üstünlük verirlər. Bundan başqa, məktəb kollektivi “Virtual məktəb”də tez-tez videotoplantılar keçirir, gördükləri işləri, qarşıda duran vəzifələri müzakirə edirlər.
Məktəbin direktoru Nəsibə Tağıyevanın və məktəb müəllimlərinin iştirakı ilə keçirilən növbəti videotoplantıda da məhz bu günə kimi görülmüş işlərə toxunulub.
Məktəb direktoru çıxış edərək məktəbdə tədrisin dayandırıldığı ilk gündən müəllimlərin WhatsAppla, “Zoom” proqramı ilə dərslərə davam etdiklərini, bu gün isə “Virtual məktəb” layihəsinə qatıldıqlarını bildirib. Bundan əlavə, şagirdlərin Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərə cəlb olunduğunu vurğulayıb.
2018-2019-cu tədris ilində məktəbin qazandığı uğurlardan danışan məktəb direktoru ötən il 10 nəfər məzunun ali məktəblərə qəbul imtahanında iştirak etdiyini və onlardan 9 nəfərin tələbə adını qazandığını qeyd edib. Eyni zamanda rayon üzrə ən yüksək - 653 balı məhz şəhər 5 nömrəli tam orta məktəbin məzunu Əfəndiyeva Səma Elnur qızının topladığını bildirib. Məktəb direktoru bu il də yüksək göstəricilərin əldə olunması üçün müəllimlərin üzərinə daha böyük məsuliyyət düşdüyünü vurğulayıb. Bütün müəllim və şagirdlərin “Virtual məktəb”də təşkil olunan onlayn dərslərə qatılmalarının olduqca vacib məsələ olduğunu bildirib. Müəllimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmalarını qeyd edərək bununla bağlı tövsiyələrini verib.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nuriyyə Nuruyeva, fizika müəllimi Yasəmən Qayayeva, riyaziyyat müəllimi Sevda Məmmədova, ibtidai sinif müəllimi Aynur Mahmudova çıxış edərək xüsusi karantin rejimi dövründə məktəbdə tədrisin dayandırıldığı vaxtdan bu günə kimi gördükləri işlərdən danışıblar. WhatsAppla, “Zoom” proqramı ilə olduğu kimi, “Virtual məktəb”də də şagirdlərin onlayn dərslərə cəlb olunmaları üçün böyük səylə çalışdıqlarını qeyd ediblər. Həmçinin “Virtual məktəb” layihəsinin üstünlüklərindən və şagirdlər üçün yaradılan imkanlardan danışıblar.
Məktəb direktoru sonda dövlət başçısının rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində vaxtında görülən qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlərə yaradılan bütün imkanlara, xüsusilə də "Virtual məktəb” layihəsinə görə Təhsil Naziri Ceyhun Bayramova təşəkkürünü çatdırıb. Rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə olan yüksək diqqət və qayğıya görə icra başçısı Rəcəb Babaşova və Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya müəllimlər adından bir daha minnətdarlıq edib.

Keçidlər