Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin müəllimləri “Virtual məktəb”də videotoplantı keçiriblər
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. 1 may 2020-ci il tarixli sərəncama əsasən ölkəmizdə elan edilən karantin rejiminin müddəti 2020-ci il mayın 4-dən 31-dək uzadılıb. Bunu nəzərə alan Azərbaycan Respublikasının Təhsil Nazirliyi "Microsoft” şirkəti ilə əməkdaşlıq çərçivəsində aprel ayının əvvəlindən "Virtual məktəb” layihəsinə start verib. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da ölkəmizdə yaranmış vəziyyətin ciddiliyi və xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq ilk gündən bütün səy və imkanlardan səmərəli istifadə olunur. Müəllimlər tərəfindən "Evdə qal, təhsildən geri qalma” şüarı altında onlayn dərslərə start verilib. Xüsusilə də karantin rejimi müddətində şagirdlər üçün təhsilin intensivliyinin təmin edilməsi məqsədilə istər şəhər, istərsə də kənd məktəbləri “Virtual məktəb” layihəsinə qoşularaq dərslərə qaldıqları yerdən davam edirlər.
Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin müəllimləri də məktəblərdə tədris dayandırıldığı vaxtdan “Zoom” proqramı ilə onlayn dərslər keçirlər. Bu gün isə "Virtual məktəb”in imkanlarından səmərəli istifadə edərək şagirdlərlə onlayn dərslər keçirlər. Həmçinin məktəb kollektivi “Virtual məktəb”də tez-tez videotoplantılar keçirərək gördükləri işləri və qarşıda duran vəzifələri müzakirə edirlər.
Məktəbin direktoru Tahirə Comərdovanın və məktəb müəllimlərinin iştirakı ilə keçirilən növbəti videotoplantıda da ölkəmizdə, eləcə də rayonda təhsil sahəsinə göstərilən qayğıdan danışılıb.
Məktəb direktoru çıxış edərək dövlət başçısının rəhbərliyi altında ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində vaxtında görülən qabaqlayıcı tədbirlərə və əldə edilən uğurlu nəticələrə görə Respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirib. Ölkə başçısının təhsil sahəsinə olan qayğısından söz açan məktəb direktoru bunun bariz nümunəsi olaraq Qazax şəhərində 700 şagird yerlik Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Respublika Prezidentinin 5 mart 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2,0 milyon manat ayrılmasını göstərib. Bu xəbəri hər bir müəllim və şagirdin sevinc hissi ilə qarşıladığını qeyd edən məktəb direktoru rəhbərlik etdiyi kollektiv adından bir daha ölkə başçısına sonsuz minnətdarlığını çatdırıb. Məktəb direktoru Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlərə yaradılan bütün imkanlara, xüsusilə də "Virtual məktəb” layihəsinə görə Təhsil Naziri Ceyhun Bayramova təşəkkürünü çatdırıb. Rayon rəhbərliyi tərəfindən təhsil sahəsinə olan yüksək diqqət və qayğıya görə icra başçısı Rəcəb Babaşova və Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya müəllimlər adından bir daha minnətdarlıq edib.
Məktəb direktoru sonra məktəbdə tədrisin dayandırıldığı ilk gündən WhatsAppla, “Zoom” proqramı ilə onlayn dərsləri davam etdirən müəllimlərin adlarını qeyd edib. Həmin müəllimlərin bu gün də “Virtual məktəb” layihəsinə qatıldıqlarını bildirib. Bundan əlavə, şagirdlərin Təhsil Nazirliyinin təşkilatçılığı ilə 11 mart 2020-ci il tarixdən Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərə cəlb olunduğunu vurğulayıb.
Məktəb direktoru bu il 59 nəfər şagirdin XI sinfi bitirdiyini bildirib. Hər il olduğu kimi, bu il də yüksək göstəricilərin əldə olunması üçün müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Keçirilən onlayn dərslərin qəbul imtahanları zamanı öz bəhrəsini verəcəyini söyləyib. Bütün müəllim və şagirdlərin “Virtual məktəb”də təşkil olunan onlayn dərsləri davam etdirmələrini, müəllimlərin öz işlərinə daha məsuliyyətlə yanaşmalarını qeyd edərək bununla bağlı tövsiyələrini verib.
Məktəbin ibtidai sinif müəllimi Xatirə Mustafayeva, tarix müəllimi Arzu Abbasova, Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Hacıyeva çıxış edərək xüsusi karantin rejimi dövründə məktəbdə tədrisin dayandırıldığı vaxtdan bu günə kimi gördükləri işlərdən danışıblar. WhatsAppla, “Zoom” proqramı ilə olduğu kimi, “Virtual məktəb”də də şagirdlərin onlayn dərslərə cəlb olunmaları üçün böyük səylə çalışdıqlarını qeyd ediblər. “Virtual məktəb” layihəsinə qoşula bilməyən şagirdlərlə mütəmadi olaraq əlaqə saxladıqlarını, Mədəniyyət və ARB "Günəş” kanallarında həftənin 5 günü keçirilən teledərslərə cəlb etdiklərini, teledərs zamanı verilən tapşırıqlarda köməklik göstərdiklərini bildiriblər.