Səhiyyə naziri Oqtay Şirəliyev Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir
Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir. Qazax Gənclər Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların rəhbərləri, sahibkarlar, ziyalılar, ağsaqqallar, KİV və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
ƏIvvəlcə tədbir iştirakçıları Ümummilli Lide Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərəq xatirəsini ehtiramla yad ediblər
Görüşdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov son illər Qazax rayonunda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə məlumat vermiş, Prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin bütün sahələrə, eləcə də, səhiyyə sektoruna xüsusi diqqət göstərir. Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi işləri bu gün də uğurla davam etdirilir. Son 10 ildə Azərbaycanda 600 səhiyyə müəssisəsinin tikilib və ya əsaslı təmir olunduğunu, müasir avadanlıqla təchiz edildiyini, təkcə ötən il yeni tikilmiş və əsaslı təmir olunmuş 26 tibb ocağının istifadəyə verildiyini və səhiyyə sahəsində dövlət proqramlarının uğurla yerinə yetirildiyini vurğulamışdır.
Sonra Nazir yerlərdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən bütün mümkün addımlar atıldığını diqqətə çatdırıb. Bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarların dəstəklənməsi məqsədilə lisenziyalaşdırılan tibb fəaliyyət növlərinin təşkili işini də xeyli asanlaşdırıb.
Nazir ölkədə aparılan islahatların daimi xarakter daşıdığını və dövlətimizin başçısı tərəfindən səhiyyə sektorunun qarşısında qoyulan bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün maksimum səy göstəriləcəyini deyib.
Səhiyyə naziri dünyada baş verən iqtisadi proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət, bunun ölkəmizə təsirləri barədə də danışıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin neftdən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atdığı qətiyyətli addımlar nəticəsində dünya qlobal böhranının Azərbaycan iqtisadiyyatına təsiri minimuma endirilib.
Tədbirdə iştirak edən Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva çıxış edərək görüş iştirakçılarını son illər parlamentdə sahibkarlığın inkişafı istiqamətində qəbul edilən qanunlar barədə məlumatlandırıblar.
Sahibkarlardan Elçin Carçıyev, Tacəddin Mustafayev və başqaları çıxış edərək bildirmişlər ki, dövlətimizin başçısı tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək bu sahədəki problemlərin həllinə, daha yüksək nəticələr qazanılmasına imkan yaradır. İş adamları regionların inkişafına göstəridiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.