Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı tibb bacısını Fəxri Fərmanla təltif edib

12 may 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə ocaqlarında olması, rayon sakinlərinə göstərilən xidmətlərlə maraqlanması, səhiyyə sahəsində çalışan insanları peşə bayramları, əlamətdar günlər münasibətilə təbrik etməsidir.
Bu gün icra başçısı öz ənənəsinə sadiq qalaraq Qazax Rayon Uşaq Xəstəxanasında tibb bacısı işləyən Umudova Başxanım Ələs qızını doğum günü münasibətilə təbrik edib. Tibb bacısı kimi səhiyyə sahəsində uzun illər səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.
Qazax Rayon İcra Hakimiyyətində icra aparatının məsul işçilərinin və səhiyyə işçilərinin iştirakı ilə keçirilən tədbirdə B.Umudovanın tibb bacısı kimi səhiyyə sahəsindəki nümunəvi fəaliyyətindən söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək B.Umudovanı ad günü münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. İcra başçısı son illər ölkəmizdə bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə göstərilən dövlət qayğısından da danışıb. Xüsusən də əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunan Dövlət Proqramlarından, həmin proqramlara əsasən ölkə üzrə bütün tibb müəssisələrinin yenidən qurulmasından söz açıb. Rayon rəhbəri qeyd edib ki, bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan sosialyönümlü siyasətin mühüm tərkib hissəsi kimi ölkədəki tibb ocaqlarında xidmətin pulsuz həyata keçirilməsi, əhalinin icbari tibbi sığortasının təşkil olunması və icrasının uğurla davam etdirilməsi səhiyyə sahəsinə olan qayğının əyani sübutudur.
Rayon rəhbəri bildirib ki, respublikamızda səhiyyə sahəsinə olan dövlət qayğısının daha bir bariz nümunəsi isə martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasıdır. Bu gün hər bir qazaxlı, xüsusilə də səhiyyə sahəsində çalışan hər bir işçi bu əlamətdar hadisəni – yeni xəstəxananın istifadəyə verilməsini minnətdarlıq hissi ilə qarşılayır. Mənfur düşmənlə 168 km sərhəddi olan Qazax rayonunda belə yüksək səviyyədə xəstəxananın tikintisinə görə ölkə başçısı İlham Əliyevə sonsuz təşəkkürlərini çatdırırlar.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova çıxış edərək ilk növbədə səhiyyə işçilərinin vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərmələri üçün xəstəxananın istifadəyə verilməsinə, eləcə də yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından bir daha təşəkkürünü çatdırıb. Belə yüksək səviyyədə xəstəxananın tikintisini istər səhiyyə işçilərinə, istərsə də rayon sakinlərinə olan böyük diqqət və qayğı kimi qiymətləndirib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını qeyd edib. S.Məmmədova ilk gündən rayonda səhiyyə işçilərinə göstərdiyi qayğıya, onların əməyinə verilən qiymətə görə rayon rəhbərliyinə razılığını bildirib. Bugünkü görüşü və tibb bacısı B.Umudovanın əməyinə verilən qiyməti həmin qayğının daha bir bariz nümunəsi kimi qeyd edib.
S.Məmmədova tibb bacısı B.Umudova haqqında məlumat verərək onun istər orta məktəbi, istərsə də Səhiyyə Nazirliyinin Qazax Tibb Texnikomunu fərqlənmə diplomu ilə bitirdiyini bildirib. 1985-ci ildən hal-hazıra kimi Qazax Rayon Uşaq Xəstəxanasında tibb bacısı vəzifəsində işlədiyini vurğulayıb. İşlədiyi müddətdə həkimlərin tapşırıqlarını vaxtlı-vaxtında yerinə yetirdiyini, öz vəzifəsinin öhtəsindən layiqincə gəldiyini, bacarıqlı, qayğıkeş tibb bacısı kimi tanındığını qeyd edib. Hər zaman xəstələrin və işlədiyi kollektivin hörmətini qazandığını bildirib. B.Umudovanın dövlətimizə layiq olan iki övlad böyütmüş qayğıkeş ana kimi də gənc analara hər zaman örnək olduğunu diqqətə çatdırıb. Bu gün "Şöhrət” ordenli məşqçi, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov kimi bir oğulun, həkim pediatr işləyən Adilə Umudova kimi bir qızın anası olaraq cəmiyyətimizə sayılıb-seçilən övladlar yetişdirdiyi üçün hər zaman hörmət və sevgiyə layiq olduğunu söyləyib. B.Umudovanın fəaliyyətinin, xəstələrinə olan sevgisinin, insanlara verdiyi dəyərin və özünün yüksək insani keyfiyyətlərinin gənc tibb işçiləri üçün nümunə olduğunu bir daha diqqətə çatdırıb. Öz tibb təcrübəsini yorulmadan gənc həmkarlarına öyrədən bir tibb bacısı kimi həmişə hər kəsin rəğbətini qazandığını söyləyib.
Qazax Rayon Uşaq Xəstəxanasının baş həkimi Üzeyir Vəliyev, xəstəxananın həkimi Şölə Mustafayeva və başqaları çıxış edərək B.Umudova haqqında səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Onun nəinki öz işini sevən tibb bacısı kimi, eyni zamanda insani keyfiyyətlərinə görə də bütün kollektiv tərəfindən hörmətinin saxlanıldığını və sevildiyini qeyd ediblər.
Sonra B.Umudovaya tibb bacısı kimi səhiyyə sahəsində uzun illər səmərəli fəaliyyətinə görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Fəxri Fərmanı təqdim olunub. 
Başxanım Umudova çıxış edərək Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ona göstərdiyi qayğıya və etimada görə öz dərin minnətdarlığını bildirib. Təcrübəli bir tibb bacısı kimi gənc kadrların onun iş təcrübəsindən yararlanmaları üçün hər zaman əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha Başxanım Umudovaya səmimi təbriklərini çatdırıb, gələcək işlərində uğurlar arzulayıb. Öz peşəsini sevən, işinə can yandıran tibb bacısı olmaqla yanaşı, Firdovsi Umudov kimi dövlətinə, xalqına layiqli övlad yetişdirən qayğıkeş ana kimi minnətdarlığını bildirib.

Keçidlər