İcra başçısı təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanış olub
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən də aydın şəkildə görmək olar. Aqrar sektorda olan inkişafın təməli isə hələ 2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarına söykənir. Məhz 2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılmış, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artmışdır. Son illər ölkə Prezidenti İlham Əliyev və dövlətimiz tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər öz əkin sahələrini genişləndirməyə çalışır, aqrar sektorda böyük çəkiyə malik olan bu sahənin inkişaf etməsi üçün öz töhfələrini verməyə can atırlar.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Son illər Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğının, sahibkarlara, kənd adamlarına olan səmimi münasibətin nəticəsidir ki, Qazaxda əkin sahəsi ildən-ilə genişləndirilir. İstər dövlət başçısının, istərsə də rayon rəhbərliyinin qayğısını hər an hiss edən sahibkarlar, kənd adamları, təsərrüfat sahibləri əkin sahələrini genişləndirməkdə bir an belə tərəddüd etmirlər.
Dövlət başçısının respublikamızda taxılçılığın inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra olunur. Hazırda rayonun təsərrüfatlarında 2020-ci ilin məhsulu üçün 6916,0 hektarı buğda, 4479,0 hektarı arpa olmaqla 11395 hektar sahədə taxıl əkilib.
Kənd təsərrüfatının digər sahələri kimi, kartofçuluq da Qazaxda ənənəvi sahələrdən hesab olunur. Statistik rəqəmlərin təhlili göstərir ki, son illərdə rayonda kənd təsərrüfatının ən çox inkişaf etmiş sahələrindən biri də məhz kartofçuluqdur. Belə ki, rayonda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda da nümunəvi işlər görülür. 2020-ci ildə isə 993,7 hektar sahədə kartof əkilib.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təsərrüfat sahələrində olub, istər kartofun, istərsə də taxılın mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbəri yaz-tarla işlərinin indiki qızğın çağında əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması, xüsusilə də su itkisinin qarşısının alınması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirib. Sahələrin vaxtında suvarılmasına və su itkisinə yol verilməməsinə, xüsusən də gündüz və gecə növbəsinin yüksək səviyyədə təşkil edilməsinə ciddi nəzarət olunmasını qeyd edib. Bununla bağlı tapşırıq və tövsiyələrini verib.