Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda çoxmənzilli yaşayış binalarının təmiri bu il də davam etdirilir

14 may 2020 | 16:00

Son illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Qazaxda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin arasında əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da öz əksini tapır. Hər il yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadında əsaslı təmir işləri aparılır. 2016-cı ildən bu yana həyata keçirilən işlərin nəticəsidir ki, bu gün rayonda mövcud olan 163 çoxmənzilli yaşayış binasından 120-ə yaxını günün tələblərinə cavab verən səviyyədə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Sevindirici hal isə odur ki, əvvəlki illərdə olduğu kimi, bu il də binaların təmiri davam etdirilir. Hazırda şəhərin Bakı və Şəhidlər Xiyabanı küçələrində, eləcə də Nəriman Nərimanov qəsəbəsində yerləşən binalarda aparılan təmir işləri bu söylədiklərimizin əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərin N.Nərimanov qəsəbəsində yerləşən hər biri 8 mənzildən ibarət 1 bloklu, ikimərtəbəli 1,2,3 saylı binalarda olub, görülən işlərlə maraqlanıb. Görülən işlərlə yerində tanış olan icra başçısı hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edərək lazımi tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, N.Nərimanov qəsəbəsində “Abad məhəllə” layihəsinin icrası çərçivəsində quruculuq işləri də aparılıb. Belə ki, qəsəbədə binaların həyətində olan köhnə elektrik və rabitə xətləri səliqəyə salınıb. Bundan əlavə, bardürlər düzülərək səkilər yaradılıb. Binaları əhatə edən əraziyə asfalt döşənib. Dekorativ gül kolları əkilərək park salınıb. Bir sözlə, layihə çərçivəsində qeyd etdiyimiz ərazi yeni görkəm alaraq bütün gözəllikləri özündə əks etdirən “Abad məhəllə” adı altında rayonumuzun ünvanına yazılıb.
Qəsəbədə yaşayan sakinlər istər “Abad məhəllə” layihəsinin icrasını, istərsə də yaşadıqları binalarda aparılan təmir işlərini razılıq hissi ilə qarşılayırlar. Həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə sonsuz minnətdarlıqlarını çatdırırlar.

Keçidlər