Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olmuşdur
Aprelin 12-də Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olmuşdur.
Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir. Bu səbəbdən inşaat materiallarına, xüsusilə sementə olan tələbat durmadan artır. Hazırda respublikamızda sement istehsalı bu məhsula olan tələbatı ödəmir. Bunu nəzərə alaraq dövlətimizin başçısının tapşırığı əsasında 2007-ci ildən Qazax rayonu ərazisində yeni sement zavodunun layihələndirmə işləri aparılmış, 2010-cu ilin martından isə tikintisinə başlanılmışdır.
Müəssisənin direktoru Hikmət Qəribov məlumat verdi ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılmışdır. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaqdır. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaqdır.
Prezident İlham Əliyev zavodun idarəedilməsində istifadə olunan yüksək texnologiya əsasında hazırlanmış aparatlara baxdı.
Diqqətə çatdırıldı ki, bu avadanlıq zavodun kompyuter vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə olunmasına şərait yaradır. Bu, eyni zamanda, təhlükəsizlik normalarının da tam təmin olunmasına imkan verir.
Sonra dövlətimizin başçısı zavodun baş planı, texnoloji prosesi əks etdirən stendlər və müəssisənin maketi ilə tanış oldu. Prezident İlham Əliyevə istehsal prosesi barədə məlumat verildi.
Qeyd olundu ki, Qazax sement zavodu istismara veriləndən sonra Azərbaycana idxal olunan sementin həcmi 30 faiz azalacaqdır. Müəssisənin texnoloji sxemi və baş planı “Azərdövlətmaşlayihə” İnstitutu tərəfindən hazırlanmışdır. Layihənin mühəndis-məsləhətçi şirkəti Türkiyənin “SC İndustry A.Ş.” şirkətidir. Zavodun inşaat işlərinin həyata keçirilməsinə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın müvafiq departamentləri və Azərbaycanın inşaat-quraşdırma şirkətləri cəlb olunmuşlar. Xüsusi təcrübə tələb olunan işlər üçün Çin Xalq Respublikasının “Sinoma” şirkəti dəvət edilmişdir.
Şirkətin nümayəndəsi Fan Rüi Min məlumat verdi ki, sement istehsalında müəssisənin mineral xammala olan tələbatını uzun müddət ödəmək məqsədi ilə faydalı qazıntı yataqları üçün 287,5 hektar torpaq sahəsi ayrılmışdır. Texnoloji avadanlığın 4 min 033 tonu, yəni 95 faizi idxal olunmuş və zavodun anbarında saxlanılır. 5,5 min ton qeyri-standart metal konstruksiyaların istehsalı üçün “Akkord”un Mingəçevir və Xırdalan zavodlarına sifarişlər verilmiş və istehsala başlanılmışdır. İndiyədək 2,8 min ton metal konstruksiyalar hazırlanaraq zavodun anbarına göndərilmişdir. Texnoloji proses xəttində və qeyri-istehsal binalarında inşaat işlərinin 80 faizi uğurla başa çatdırılmışdır.
Layihənin sosial və iqtisadi əsaslandırılmasına görə, dağ-mədən, nəqliyyat və digər infrastrukturlar nəzərə alınmaqla, zavodda işçilərin ümumi sayı 650 nəfərə yaxın olacaqdır. İşçilərin 80 faizi Qazax və ona yaxın olan rayonlardan seçiləcəkdir. Onların bir çoxu təlim proqramı çərçivəsində Türkiyə və Çinə göndəriləcəkdir. Zavod ərazisində mühəndislər və işçilər üçün ümumi sahəsi 3,7 min kvadratmetr olan 75 otaqdan ibarət altımərtəbəli, dördulduzlu mehmanxana, müasir avadanlıqla təchiz olunmuş 250 yerlik üçmərtəbəli yeməkxana, beşmərtəbəli inzibati bina, tibbi klinika, uşaqlar üçün əyləncə meydançasının tikintisi nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev Qazax sement zavodu ilə bağlı texnoloji prosesin videotəsvirlərinə baxdı.
Bildirildi ki, layihənin tələblərinə uyğun olaraq müvafiq dövlət qurumlarından infrastruktur mənbələrin texniki şərtləri alınmışdır. Bu şərtlərə uyğun layihələr hazırlanmışdır. Artıq həmin obyektlərdə inşaat-quraşdırma işlərinə, o cümlədən 8 kilometrlik avtomobil yolunun, 18 kilometrlik dəmir yolunun, 14,2 kilometrlik xarici su xəttinin, 26 kilometrlik yüksəkgərginlikli xarici elektrik xəttinin, avtomatlaşdırılmış qazpaylayıcı stansiyanın, sel bəndinin tikintisinə və suvarma kanalının kənarlaşdırılmasına başlanılmışdır. Bu işlər sürətlə davam etdirilir.
Qeyd olundu ki, layihənin ətraf mühitə və sosial sferaya təsirinin qiymətləndirilməsi işləri aparılmış, Azərbaycan Respublikasının ekologiya normalarına cavab verməsi haqqında rəy alınmışdır. Məişət və istehsal sularının emalı məqsədi ilə gündəlik gücü 100 kubmetr olan müasir Bakterioloji Təmizləyici Kompleks quraşdırılır. İnşaat planına əsasən, zavod 2012-ci ilin sentyabrında sement, 2013-cü ilin aprelində isə klinker istehsalına hazır olacaq və tikinti işləri tamamlanacaqdır.
Prezident İlham Əliyev Qazax sement zavodunun tikintisi ilə bağlı görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.