Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda məcburi köçkünlərin qayğılarına hər zaman həssaslıqla yanaşılır

22 may 2020 | 16:00

Hər kəsə yaxşı məlumdur ki, bu gün ölkəmizdə dövlət başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasətin mərkəzində hər zaman vətəndaş amili dayanır. Həyata keçirilən tədbirlər, atılan bütün addımlar vətəndaş amilinə söykənir. Bu gün onu da tam əminliklə söyləyə bilərik ki, Qazaxda da vətəndaş mövqeyi hər şeydən üstün tutulur.
Qazaxda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə yanaşı, məcburi köçkün ailələrinə də daim qayğı göstərilir. Onları narahat edən məsələlərə hər zaman  həssaslıqla yanaşılır. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasəti rayon rəhbəri tərəfindən də olduğu kimi yerinə yetirilir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı yeni qəsəbədə olması, mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması istiqamətində tapşırıq verməsi bunu bir daha sübut edir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətində Qazaxbəyli kəndində yerləşən qəsəbədə yaşayan məcburi köçkün ailələrinin marşrut məsələsinin müzakirə edilməsi və müsbət həll olunması onlara göstərilən qayğının bariz nümunəsidir.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti Tovuz Regional Şöbəsinin aparıcı məsləhətçisi Mübariz Alıyevin, Qazax Avtovağzal ASC-nin icraçı direktoru Eyvaz Quliyevin, Qazax RİH başçısının Yuxarı Əskipara, Aşağı Əskipara, Barxudarlı və Qazaxbəyli kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbənin Mənzil İstismar Sahəsinin rəisi Novruz Hüseynovun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Qazax rayonu üzrə nümayəndəsi Elxan Paşayevin və məcburi köçkünlərin iştirakı ilə qeyd olunan məsələ geniş şəkildə müzakirə olunub.
Ölkəmizdə məcburi köçkün ailələrinə göstərilən dövlət qayğısından danışan rayon rəhbəri bu qayğının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. İcra başçısı dövlətin, ölkə başçısının məcburi köçkün ailələrinə olan qayğısını əldə rəhbər tutaraq onların qayğılarına hər zaman həssaslıqla yanaşdığını qeyd edib. Marşrut məsələsinin köklü şəkildə həll olunması üçün bugünkü müzakirənin də məhz bu məqsədə xidmət etdiyini vurğulayıb. Geniş şəkildə müzakirə olunduqdan sonra Qazaxbəyli kəndi üzrə hərəkət edən marşrutlardan 5 ədədinin məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə, 2 ədədinin isə kəndə getməsi qərara alınıb və bu qrafikin tənzimlənməsi ilə bağlı aidiyyatı üzrə tapşırıq verilib.
Qəsəbədə məskunlaşan Aşağı Əskipara kənd sakinlərindən Front Həsənov, Hümbət Alıyev, Bağanıs Ayrım kənd sakini Arif Musayev, Sofulu kənd sakini Rövşən Qurbanov onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər. Qəsəbənin marşrut məsələsinin həll olunmasını göstərilən qayğının daha bir bariz nümunəsi kimi qeyd ediblər.

Keçidlər