Şriftin ölçüsü :

Saytın rəngi :

“PAŞA Holding” MMC Yeni qəsəbədə yaşayan məcburi köçkün ailələrinə bayram sovqatı paylayıb

23 may 2020 | 16:00

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısı cənab İlham Əliyevin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər Ramazan bayramı ərəfəsində də davam etdirilib.
Ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına və Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə növbəti dəfə qoşulan "PAŞA Holding" MMC müqəddəs Ramazan bayramı ərəfəsində rayonun işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış Yeni qəsəbədə yaşayan 304 məcburi köçkün ailəsinə gündəlik qida məhsullarından ibarət sovqat paylayıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində Yeni qəsəbədə olub, məcburi köçkün ailələrini Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Ölkə başçısının və Birinci vitse-prezidentin məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri bugünkü tədbiri həmin qayğının bariz nümunəsi kimi qeyd edib. Ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olan “PAŞA Holding” MMC-nin bu cür xeyirxah təşəbbüsünü onlara göstərilən qayğının davamı olaraq vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası qəsəbə sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Məcburi köçkün ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq, hər zaman vətəndaşların yanında olan “PAŞA Holding” MMC-nin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən məcburi köçkünlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətiriblər.

 

 

Keçidlər