Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının 2015-ci ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon Təşkilatının inzibatı binasında Rayon Partiya Təşkilatının 2015-ci il ərzində fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Yığıncaqdan əvvəl tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər.
Məruzə ilə çıxış edən YAP Qazax rayon Təşkilatının sədri Həmid Pənahov 2015-ci ildə rayon partiya təşkilatının fəaliyyətindən danışıb. Qeyd edib ki, ötən il dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı təmin edilib, Azərbaycanın həyatında böyük uğurlar əldə edilib, mühüm siyasi hadisə olan Milli Məclisə seçkilər keçirilib. Əldə olunan uğurların qazanılmasında ölkəmizin aparıcı partiyası olan YAP da mühüm rol oynayıb. Bildirilib ki, hesabat dövründə ümumilikdə rayon partiya təşkilatının təşəbbüsü ilə bir çox tədbirlər keçirilib, ərazi ilk partiya təşkilatları ilə iş aparılıb. Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatı 2015-ci ildə işlərini Yeni Azərbaycan Partiyasının nizamnaməsi və proqramı əsasında, İcra Katibliyinin təlimat və tövsiyyələrinə uyğun qurduğu qeyd edilib. YAP Qazax rayon Təşkilatının 75 ərazi ilk partiya təşkilatı və 7560 nəfər partiya üzvü olduğu, onlardan 4641 nəfərini qadınlar, 2344 nəfərini gənclər təşkil etdiyi bildirilmişdir. 2015-ci il ərzində YAP Qazax rayon Təşkilatında 458 nəfər partiya sıralarına qəbul olunmuşdur ki, bunun da 360 nəfəri yəni 78,6 %-i gənclərdir.
Daha sonra Rayon Partiya Təşkilatının sədri 2016-cı ildə qarşıda duran vəzifələrdən danışıb, təşkilatın fəaliyyətinə göstərilən hərtərəfli dəstəyə görə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərova təşəkkürünü bildirib.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. YAP Gənclər Birliyi Qazax rayon Təşkilatının sədri, İdarə Heyətinin üzvü Vüsal İsmayılov, Qadınlar Şurasının sədri Asya Alhüseynova, İdarə Heyətinin üzvü Novruz Abdullayev, Azərbaycan Dövlət Pedaqoji Universiteti Qazax Filialı ərazi ilk partiya təşkilatının sədr müavini Məmməd Yusifov çıxış edərək 2015-ci ildə görülən işlərdən, həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışdılar. Çıxış edənlər YAP Qazax rayon Təşkilatının 2015-ci ildəki fəaliyyətinə qənaətbəxş qiymət verdilər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı, YAP Qazax rayon Təşkilatı İdarə heyətinin üzvü cənab Ayaz Əsgərov çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının günümüzün aparıcı təşkilatı, siyasi qüvvəsi olduğunu, ölkə başçısı cənab İlham Əliyevin respublikada apardığı məqsədyönlü siyasətdən, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda bu siyasətin uğurla icra olunduğunu, Prezidentimizin Azərbaycanın maraqlarını dünya birliyində uğurla müdafiə etdiyini bildirmişdir. Natiq son vaxtlar Qazax rayonunda mühüm işlər görüldüyünü xatırladaraq çıxışının sonunda YAP Qazax rayon Təşkilatının rayonumuzda aparılan bütün ictimai-siyasi proseslərdə fəal olduğunu, 2015-ci ildə rayon təşkilatı işlərini günün tələbləri səviyyəsində qurduğunu bildirmiş və yeni hesabat ilində rayon partiya təşkilatına uğurlar arzulamışdır.
Sonda YAP Qazax rayon Təşkilatının 2016-cı il üçün fəaliyyət proqramı və maliyyə xərcləri təsdiq edilmişdir.