Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndi Qaymaqlıda yeni məktəb binası inşa olunur

24 may 2020 | 16:00

Cənab Prezident İlham Əliyevin ölkəmizdə təhsil sahəsinə olan diqqət və qayğısı, bu qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Qazax rayonunda da öz real əksini tapır. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının bariz nümunəsidir.
Dövlət Proqramında tikintisi nəzərdə tutulan məktəblərdən biri də sərhəddə yerləşən şəhid Aydın Məmmədovun adını daşıyan Qaymaqlı kənd tam orta məktəbdir ki, Təhsil Nazirliyi tərəfindən bu məktəb üçün 180 şagird yerlik yeni bina inşa olunur.
Məktəbin fiziki tərbiyə müəllimi Nəbi Süleymanov, valideynlərdən Bəxtiyar Süleymanov, İslam Mahmudov düşmənlə sərhəddə yerləşən Qaymaqlı kəndində yeni məktəb binasının tikilməsini razılıq hissi ilə qarşılayırlar. Məktəbin kollektivi və valideynlər təhsil sahəsinə göstərilən dövlət qayğısına görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Təhsil Naziri Ceyhun Bayramova minnətdarlıqlarını bildirirlər.
Yanvar ayından tikintisinə başlanılan yeni məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Zirzəmisi olmaq şərti ilə inşa olunan yeni məktəb binası 3 mərtəbədən ibarət olacaq. Bundan əlavə, məktəbdə həcmi 100 kubmetr olan içməli su anbarı, həcmi 122 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, çirkab su anbarı, qazanxana da inşa ediləcək. Birinci mərtəbədə hazırlıq qrupu üçün 1 ədəd, ibtidai siniflər üçün isə 4 sinif otağı nəzərdə tutulub. Sinif otaqlarının sayı ikinci mərtəbədə 7, üçüncü mərtəbədə isə 8 olacaq. Həmçinin idman zalı, akt zalı, bufet də fəaliyyət göstərəcək.
Zirzəminin və birinci mərtəbənin tikintisi başa çatıb. Hazırda ikinci mərtəbənin hörgüsü və suvaq işləri davam etdirilir.

https://www.youtube.com/watch?v=2QhNFUcWdRc&feature=emb_title

Keçidlər