Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

24 may 2020 | 16:00

Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsil sahəsinə olan qayğısı Qazax rayonunda da daim hiss olunur. "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəbin əsaslı təmirinin və ya tikintisinin salınması da bunun əyani sübutudur. Bu, eyni zamanda dövlət tərəfindən bölgələrimizdə təhsil sahəsinə olan böyük diqqət və qayğının Qazaxın timsalında daha bir bariz nümunəsidir.
Dövlət Proqramında təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir ki, artıq həmin məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə yenidən qurulub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əsaslı təmiri yekunlaşan Kosalar kənd tam orta məktəbində olub, görülən son tamamlanma işləri ilə maraqlanıb.
3 mərtəbədən ibarət olan məktəbdə istər binanın daxilində, istərsə də xarici fasadında bütün işlər başa çatıb. Hazırda məktəbin həyətində asfalt örtüyün vurulmasına başlanılıb. Bundan əlavə, yaşıllaşdırma və abadlıq işləri yekunlaşmaq üzrədir.
Məlumat üçün bildirək ki, məktəbdə futbol, basketbol və voleybol meydançası yaradılıb. Yardımçı binalar inşa olunub. Bundan başqa, məktəb binasının arxa hissəsində tikilən hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxana da tam hazırdır. Kənd sakinlərinin, xüsusilə də idmançıların, güləşçilərin istəyini nəzərə alaraq məktəbin həyətində arxa hissədə əlavə olaraq güləş zalı da tikilib.
Ötən il Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə onun adını daşıyan Kosalar məktəbinin təmir olunması xəbərini müəllim və şagirdlər bu gün də böyük minnətdarlıq hissi ilə qarşılayırlar. Kənd sakinləri məktəbin yenidən qurulmasına görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.
Onu da qeyd edək ki, Qazaxda daha iki məktəb - Heydər Əliyev Fondu tərəfindən Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik, Təhsil Nazirliyi tərəfindən isə Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binalar inşa olunur.

 

Keçidlər