Qazax rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzil verilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qazax rayonunda 8 ədəd yeni fərdi yaşayış evini Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verib.
Evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Qazax rayonu İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Nazirliyin nəzdində Tikilməkdə olan obyektlərin müdiriyyətinin direktoru Natiq Əzizov, İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, əlil ictimai birliklərinin, yerli ictimaiyyətin və KİV nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Qazax rayonu İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğısının həmin insanların rifah halının yaxşılaşdırılması, habelə yeni mənzillərlə təminatı istiqamətində məqsədyönlü tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaratdığını vurğulayıblar. Ölkəmizdə bütün sosial proqramların icrası, o cümlədən müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin uğurla davam etdirildiyi, bu təbəqələrdən olan insanların maddi təminatlarının mütəmadi olaraq gücləndirildiyi qeyd edilmişdir. Bu istiqamətdə növbəti addım kimi, dövlət başçısının 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edildiyi, 19 yanvar 2016-cı il tarixli Fərmanla isə müharibə əlillərinə Prezidentin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılmaqla, bu təbəqədən olan I qrup əlillər üçün 165 manata, II qrup əlillər üçün 143 manata, III qrup əlillər üçün 110 manata çatdırıldığı bildirilmişdir.
Tədbirdə çıxış edən digər yoldaşlar ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşlara, habelə bu döyüşlərdə şəhid olmuş insanların ailələrinə dövlət qayğısının artmasının bütün cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar.
Fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların sosial problemlərinin həllinə, həyat şəraitlərinin yaxşılaşdırılmasına, yeni mənzillərlə təmin edilmələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra tədbir iştirakçıları yeni fərdi yaşayış evlərinə baxış keçiriblər.