Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhərdə su və kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə görülən işlərlə tanış olub

30 may 2020 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində "Azərsu” Açıq Səhmdar Cəmiyyəti Qazax şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasını uğurla həyata keçirir. Podratçı təşkilat əraziyə lazımi texnika və avadanlıqlar, mal-material ehtiyatları tədarük edərək küçələrdə su-kanalizasiya xətlərinin çəkilişini paralel aparır.
Rayon rəhbərliyi də su-kanalizasiya sisteminin çəkilişlərinə start verilən ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin müvafiq Sərəncamına əsasən su-kanalizasiya sisteminin yenidən qurulması zamanı tikinti-quraşdırma işlərinin layihə üzrə düzgün aparılması məqsədilə rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərindən, ağsaqqal və ziyalılarından ibarət komissiyanın yaradılması, bundan əlavə, çəkilişlərə başlanılan andan etibarən görülən işlərin mövcud vəziyyətinə dair mütəmadi olaraq görüşlərin, iclasların keçirilməsi, eləcə də çəkiliş aparılan küçələrə yerində baxılması, işlərin keyfiyyəti ilə maraqlanılması bunun əyani sübutudur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov, layihə rəhbərinin köməkçisi Azər Salmanov və digər aidiyyatı şəxslərlə birlikdə su-kanalizasiya sisteminin çəkilişi aparılan küçələrdə olub, burada görülən işlərin mövcud vəziyyəti ilə maraqlanıb.
Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin layihə rəhbəri Sədi Namazov su və kanalizasiya xəttinin çəkilişi ilə bağlı görülən işlərin keyfiyyətinə hər zaman üstünlük verildiyini diqqətə çatdırıb. İstər su xəttinin, istərsə də kanalizasiya quyularının test olunması, çəkilişin layihədə nəzərdə tutulduğu kimi həyata keçirilməsi barədə məlumat verib. Bu günə kimi kanalizasiya sistemi borularının quraşdırılması üzrə 73,96%, su təchizatı borularının quraşdırılması üzrə isə 58,75% işlərin yerinə yetirildiyini qeyd edib.
İcra başçısı istər su, istərsə də kanalizasiya sisteminin günün tələbləri səviyyəsində qurulmasını bir daha vurğulayıb. Eyni zamanda çəkiliş yekunlaşan bütün küçələrdə avtomobillərin və vətəndaşların rahat şəkildə gediş-gəlişinin təmin olunması, səliqə-sahman yaradılması istiqamətində bir daha tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçiriləcək layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər