Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN qatar” beşinci dəfə Qazaxda vətəndaşlara xidmət göstərəcək

03 iyun 2020 | 16:00

Cənab Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar “ASAN qatar”ların bölgələrimizdə vətəndaşlara xidmət göstərməsi artıq bir ənənə halına çevrilib.
İlk dəfə olaraq 2017-ci ildə fevralın 1-dən 15-nə kimi Qazaxda fəaliyyətə başlayan Səyyar “ASAN qatar”ın əməkdaşları tərəfindən sakinlərə göstərilən xidmətlərdən vətəndaşlar bu gün də razılıq edirlər. İkinci dəfə, 2018-ci ilin sentyabr ayının 3-dən 27-dək Qazaxda fəaliyyət göstərən Səyyar “ASAN qatar”ın vətəndaşlara göstərdiyi xidmətlər bir daha göstərdi ki, dünyada brend kimi tanınan “ASAN xidmət”in nüfuzu ildən-ilə artır. Üçüncü dəfə, 2019-cu ilin sentyabr ayının 2-dən oktyabr ayının 1-dək, dördüncü dəfə, 2020-ci ilin fevral ayının 3-dən 29-dək sakinlərə xidmət göstərən Səyyar “ASAN qatar”ın əməkdaşları bir daha nümayiş etdirdi ki, bütün xidmətlərin göstərilməsində əsas məqsəd vətəndaş məmnunluğuna nail olmaqdır.
Bu il artıq beşinci dəfə olaraq Səyyar “ASAN qatar” Qazaxda iyun ayının 10-dan 25-dək Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında növbəti dəfə rayon sakinlərinə xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim ediləcək.
Səyyar “ASAN qatar” vasitəsilə sakinlərə 16 gün müddətində səyyar formada göstərilən xidmətlərə Daxili İşlər Nazirliyi üzrə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, Ədliyyə Nazirliyi üzrə notariat fəaliyyəti, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üzrə mənzillərin üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqların təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu üzrə əmək pensiyalarının təyin edilməsi, funksional yardımçı xidmətlər üzrə tərcümə xidməti, tibb xidməti, bank xidməti (dövlət rüsumlarının və xidmət haqqlarının qəbulu) daxil olacaq.
Səyyar "ASAN qatar"da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 17:30-dək, hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçiriləcək. Səyyar “ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etməkdir.

 

Keçidlər