Qazax rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
Rayonun bütün yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarında Xocalı qurbanlarının xatirəsi anılmış, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırıma həsr edilmiş foto, rəsm, şeir və inşa yazı müsabiqələri, ali və orta ixtisas təhsil müəssisələrində elmi-praktik konfranslar keçirilmişdir.
26 fevral 2016-cı il tarixdə rayonun bütün yaşayış məntəqələrində Azərbaycanın dövlət bayraqları endirilmiş və həmin gün rayon ərazisində soyqırım qurbanlarının xatirəsi bir dəqəqəlik sükutla yad edilmişdir.
Tədbirlər çərçivəsində Şəhidlər Xiyabanında Şəhidlərin xatirəsinə ucaldılmış abidə önündə Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, rayon rəhbərliyi, hərbi hissələrin və hüquq mühafizə orqanlarının şəxsi heyyəti və əməkdaşları, çoxsaylı əmək kollektivləri, müharibə və əmək veteranları, gənclər, QHT və KİV nümayəndələri, yüzlərlə rayon sakini iştirak etmiş, Şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə qərənfil dəstələri qoyulmuşdur.
Qazax şəhərində və rayonun kəndlərində olan məscidlərdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə dualar oxunmuş, gün ərzində insanlar Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarının xatirəsini anmışlar.
Sonra Qazax rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş, yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanmış “Xəcalət” tamaşası göstərilmişdir.