Tibbi maskadan istifadə etmək özümüzü və əzizlərimizi qorumaq deməkdir
Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlər bu gün də davam etdirilir.
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun 29 may 2020-ci il tarixli 190 nömrəli Qərarı ilə koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti növbəti dəfə 2020-ci il 15 iyun saat 00:00-dək uzadılıb.
Həmçinin "Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 nömrəli Qərar qəbul olunub.
Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tibbi ləvazimat və qoruyucu vasitələrə, o cümlədən maskalara tələbatın kəskin artması səbəbindən bu istiqamətdə təminat sahəsində də məqəsdyönlü işlər görüldü. Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə bu il aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin, mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışları bu sahədə atılan ən uğurlu addımlar oldu. Bu baxımdan ölkədə kifayət qədər maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi isə hər bir Azərbaycan vətəndaşı üçün əsl nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da vətəndaşların tibbi maskadan istifadəsinin ciddiliyinə məsuliyyətlə yanaşılır, verilən tapşırıq və tövsiyələr birmənalı şəkildə yerinə yetirilir.
Əhalinin bu dönəmdə tibbi maskalara, dezinfeksiyaedici məhlullara, gigiyenik vasitələrə, spirtlərə gündəlik tələbatının normadan artıq olduğunu nəzərə alaraq rayonda fəaliyyət göstərən apteklərdə reydlər keçirilib. Aptek rəhbərləri hazırda apteklərdə kifayət qədər tibbi maskanın və spirtin, eləcə də gigiyenik vasitələrin olduğunu qeyd ediblər. Ölkədəki yaranmış vəziyyətlə əlaqədar sakinlərin tibbi maska və spirtlə bağlı daha çox müraciət etdiklərini vurğulayıblar.
Unutmayaq ki, sağlamlığımızı qorumaq öz əllərimizdədir. Karantin qaydalarına əməl edək, maska taxaq, sosial məsafə saxlayaq. Koronavirusa qalib gəlməyin yolu budur.