Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat Səməd Seyidovun Qazaxın kəndlərində su təchizatı ilə bağlı parlamentdə səsləndirdiyi məsələ yerində müzakirə olunub

05 iyun 2020 | 16:00

Son illər Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bölgələrimizdə, o cümlədən də Qazaxda əhalinin su təchizatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü işlər görülür. Vətəndaşların içməli və suvarma suyu ilə bağlı müraciətlərinə nəinki yerli icra hakimiyyəti, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri də həssaslıqla yanaşır.
107 saylı Qazax seçki dairəsindən millət vəkili seçilən Səməd Seyidovun may ayının 22-də Qazax rayonunun sərhəd kəndləri olan Quşçu Ayrım və Məzəmdə, Birinci Şıxlı, İkinci Şıxlı kəndlərində, eləcə də şəhər sakinləri və ziyalılarla görüşü zamanı səslənən məsələlərə operativ şəkildə baxılması bir daha sübut edir ki, ölkəmizdə vətəndaş amili hər zaman ön planda tutulur.
Milli Məclisin deputatı Səməd Seyidovun Quşçu Ayrım, Məzəm, Birinci Şıxlı, Yuxarı Salahlı, Daş Salahlı kəndlərinin su təchizatı problemini parlamentdə keçirilən iclas zamanı öz çıxışında səsləndirməsi, məsələnin həlli ilə bağlı aidiyyatı dövlət strukturlarına çağırış etməsi bir daha sübut etdi ki, qaldırılan hər bir məsələ diqqət mərkəzində saxlanılır. Artıq qeyd olunan məsələnin həlli istiqamətində müvafiq addımların atılması, danışıqların aparılması, həlli yollarının müzakirə olunması bunu bir daha əyani şəkildə göstərir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Darvin Hüseynov, Qazax Melioservis İdarəsinin rəisi Ərəş Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilov, 8 nömrəli Regional Sukanal İdarəsinin Qazax Sukanal sahəsinin rəisi Alı Hüseynov və digər aidiyyatı şəxslərlə birlikdə Məzəm, Birinci Şıxlı, Bala Çaylı və Abbasbəyli kəndlərində olub.
Sərhəd kəndləri olan Məzəm və Quşçu Ayrımda göldən, Birinci Şıxlı kəndində Kür çayından, Abbasbəyli kəndində “Coğazçay” su anbarından, eləcə də Bala Çaylı kəndində mövcud olan subartezian quyusundan mənbə olaraq istifadə etməklə suyun çəkilməsi istiqamətində görüləcək işlər müzakirə olunub. Suyun çəkilişi ilə bağlı görülməsi nəzərdə tutulan işlərin layihə-smeta sənədlərinin hazırlanması, aidiyyatı dövlət strukturlarına müraciət edilməsi ilə bağlı tapşırıqlar verilib.
Rayon rəhbəri Məzəm, Quşçu Ayrım, Birinci Şıxlı, Daş Salahlı kəndlərində su məsələsinin köklü şəkildə həll edilməsi üçün lazımi addımların atıldığını, danışıqların aparıldığını qeyd edərək bu gün yerində baxış keçirilməsinin də məhz bu məqsədə xidmət etdiyini bildirib.
Kənd sakinləri Milli Məclisin deputatı Səməd Seyidova onlara göstərilən diqqət və qayğıya, xüsusilə də qaldırdıqları məsələni ali kürsüdən səsləndirdiyinə görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, bu gün biz bir daha əmin olduq ki, rayon rəhbərliyi ilə yanaşı, bizim deputatımız da vətəndaş amilinə yüksək dəyər verir. Ölkə Prezidentinin biz vətəndaşlara olan qayğısını əldə rəhbər tutaraq səsləndirdiyimiz məsələnin həlli istiqamətində mühüm addımlar atır. Bu istiqamətdə aparılan bugünkü müzakirə də bunun bariz nümunəsidir.

Bala Çaylı kəndi 

Məzəm kəndi 

Birinci Şıxlı kəndi 

Abbasbəyli kəndi 

Keçidlər