Yuxarı Əskiparasız keçən 28 il
Bu gün 168 km məsafədə düşmənlə sərhəddə yerləşən Qazax rayonunun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. Rayonun Məzəm, Quşçu Ayrım, Fərəhli, Cəfərli və Bala Cəfərli kəndləri isə mənfur düşmən gülləsinin atəşinə məruz qalır.
8 iyun tarixi isə Qazax rayonunun Yuxarı Əskipara kəndinin işğalı günüdür. 1992-ci ildə ermənilər tərəfindən zəbt edilən kəndin işğalından bu gün 28 il ötür. Dörd tərəfi dağlarla əhatə olunan, meşəliklə örtülən, çoxlu mineral bulaqları olan kənd ada şəklində Ermənistan ərazisində yerləşmişdir. Aşağı Əskiparadan Erməni Əskiparası (və ya Sarxan) vasitəsilə ayrılır. Kənd ərazisində çoxlu tarixi abidələr var.
Yuxarı Əskipara kəndi işğal olunmazdan əvvəl kəndin təsərrüfat sayı 145, əhali sayı isə 450 nəfər (210 nəfər kişi, 240 nəfər qadın) təşkil etmişdir. Hazırda Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 185 təsərrüfat var. Əhali sayı isə 702 nəfərdir.
Kəndin 7 nəfər şəhidi, 10 nəfər Qarabağ müharibəsi əlili və 39 nəfər Qarabağ müharibəsi veteranı var.
28 ildir ki, Yuxarı Əskiparanın həsrəti ilə yaşayan kənd sakinləri əsasən Qazax şəhəri ərazisində, Qazax ətrafı kəndlərdə, o cümlədən 35 ailə Xanlıqlar kəndində, 44 ailə isə Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə məskunlaşıblar.
“Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun “Yuxarı Əskipara” filialı ərazisinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına götürülmüş 14 abidə var ki, bu gün həmin abidələr və yerləşdiyi filial düşmən tapdağı altındadır.
Məbəd: inventar № 281. Ölkə əhəmiyyətli memarlıq abidəsidir. Qazax rayonunun Yuxarı Əskipara kəndində V-VIII əsrlərdə tikilmişdir. Qafqaz Albaniyasının mədəni irsinə aid olan məbəd qırmızı tuf daşdan dördkünc planda inşa edilib və möhtəşəm görünüşə malikdir. Məbədin divarlarının bir neçə yerində böyük alban xaçı həkk olunub ki, bu da məbədin albanlara məxsusluğunu sübut edir. Bu məbəd meşədə, əlçatmaz dağlıq yerdə yerləşmişdir. Kompleks təqribən 2,5 hektar ərazini tutur və divarlarla əhatələnmişdir. Yüksək mövqedə yerləşmiş əsas tikililər kompleksin qalan hissəsindən divarla ayrılmışdır.
Yeraltı yol: inventar № 1278. XIV əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidədir. Yuxarı Əskipara kəndindəki XVII əsrə aid edilmiş qüllənin döşəməsindən başlayır. Hansı istiqamətə getdiyi məlum deyil.
Yeraltı su kəməri: inventar № 1279. Ölkə əhəmiyyətli arxeoloji abidədir. Yuxarı Əskipara kəndində, keçi damı deyilən dağın zirvəsində yerləşir. Diametri 3 metr, dərinliyi də 3 metr olan quyu anbardan ibarətdir. Anbarın divarları çiy kərpiclə hörülüb. Quyunun dibində içməli soyuq su olub. Suyun haradan gəldiyi yer məlum deyil. Nə qədər su götürülsə də öz səviyyəsini itirmir. Sanki möcüzədir.
Qüllə: inventar № 4518. Yuxarı Əskiparada nisbətən salamat qalan abidələrdən biri Qüllədir. Adına “Dördkünc qala” da deyirlər. Coğaz çayının sahilində ucaldılmış bu çoxmərtəbəli qala gözətçixana olub. Düşünülüb qoyulmuş pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici tonqal yerləri bunu bir daha təsdiq edir. Planda qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin uzunluğu 8 metr, hündürlüyü isə 21 metr təşkil edir. Qala çay daşından çox səliqə ilə hörülüb. Bişmiş qırmızı kərpicdən kəmər-naxışları var. Mərtəbə arası bağları ağacdan imiş. Həyətində köməkçi binalar olub. Yuxarı hissəsi dağılmışdır. Qüllə vaxtilə beşmərtəbəli olmuşdur. Mərtəbələrin arası pilləkənlərlə əlaqələndirilmişdir. Hər mərtəbə mazğallarla təchiz edilmişdir. Mazğallar döşəmənin üstündən 1,3 metr hündürlükdə düzəldilmişdir. Memarlıq və mühəndislik baxımından tikili bölgəyə məxsus inşaat üslubunda ucalmışdır. Buna oxşar, eyni üslubda tikilmiş gözətçi bürcü Ağstafa rayonunun ərazisində, Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində, Zaqatala və Baləkən rayonlarında vardır. Bu qala Azərbaycanın orta əsr müdafiə tikililərinin nadir və önəmli örnəyidir. Qülləni “Qalakənd qalası” qala divarından 3 km-lik yol ayırır. Qala sahəsi uzunluğu 2 km.-ə çatan böyük yonulmamış daşdan hörülmüş iki qat divarla əhatələnmişdir.
Qatır körpüsü: inventar № 4519. XII-XIII əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara kəndinin ərazisində, kəndin mərkəzindən 1 km qərbdə yerləşir. Coğaz çayının üzərindədir. Bir tağlıdır. Uzunluğu təxminən 12 metr, eni 2,5 metrdir. Tikinti materialı çal daşdan və əhəngdəndir.
Qızılhacılı körpüsü: inventar № 4520. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara ilə Aşağı Əskipara kəndlərinin arasındadır. Bir tağlıdır.
Kazım körpüsü: inventar № 4521. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara kəndində kiçik dağ çayının üzərindədir. Onun uzunluğu 3,4 metr, mərkəzi hissəsinin eni 5,8 metr, ümumi hündürlüyü isə 5 metr təşkil edir. Körpü bir aşırımlıdır. Aşırımın ümumi görkəmi yarımçevrə şəkillidir. Körpünün özülünü qayadan çapılmış daşlar təşkil etdiyi halda üst hissəsi kərpicdən hörülmüşdür. Onun keçid hissəsinin üst örtüyü torpaqdır.
Qulucanlı körpü: inventar № 4522. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Qulucanlı körpüsü Qazançı dağının ətəyində Qulucanlı adlanan ərazidə yerləşib. Çox da böyük olmayan körpü dairəvi formada olub. Körpü əhəng qum qarışığı ilə hörülüb. Körpünün uzunluğu 3-4 metr, dərənin içindən hündürlüyü 3.5 metr olmuşdur. Bir hissəsi dağıntıya məruz qalsa da, təxminən 1,5-2 metr hissəsi salamat qalmışdır. Yuxarı Əskipara kəndi işğal olunana qədər kənd əhalisi bu körpüdən istifadə edirdi. Körpünün əhəng qarışığı ilə hörülmüş divar hissəsindən saxsı boru vasitəsilə daim bulaq suyu axırdı. Deyilənlərə görə Qulucanlı körpüsü Xalxal şəhərinə gedən karvan yolunun üzərində tikilmişdir. Hamam qalıqları: inventar № 4523. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara kəndində, Coğaz çayının sahilində, karvan yolu ağzında yerləşir. Həmin ərazidə təxminən 3 haman olubdur. Onlardan ikisi tamamilə uçub. Birinin yarım hissəsi qalıb. Uzunluğu 10 metr, eni 5 metr olmaqla iki otaqdan ibarət olub. Biri ümumi hamam, o biri hissədə hörükdən 10-a qədər vanna olub. Burada balaca su hovuzu da olub. Hovuza pilləkənlərlə aşağı düşülür. Saxsı turbalar vasitəsilə gələn su hovuza tökülür və buradan müalicə vasitəsilə istifadə edilirmiş. Coğaz çayının sahilində 7 su dəyirmanının qalıqları indi də durmaqdadır. Orada şəhər olan vaxt ərzində meşə olmayıb. Şəhər dağılıb xaraba qaldıqdan sonra meşə əmələ gəlibdir. Dağılmış vəziyyətdədir. Tədqiq olunmayıb.
Koroğlu qalası qülləsi: inventar № 4524. Koroğlu qalası Yuxarı Əskipara kəndindən 4-5 km şimalda hündür sıldırım qayalıqların üzərində yerləşir. Qala çal daşdan və əhəng qarışıq qumla hörülmüşdür. Qala çox da böyük olmayıb. Qalaya gediş-gəliş şimal tərəfdən daha rahat olub. Qalanın ətrafında bəzi tikili yerləri hələ də durmaqdadır. Deyilənlərə görə Xalxal şəhərinin yadelli işğalçıların hücumlarından qorunması üçün qala keşikçi məntəqəsi kimi istifadə olunmuşdur.
Türbə: inventar № 4525. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Yuxarı Əskipara kəndinin qəbiristanlığındadır. Dairəvi formadadır. İçərisində iki qəbir var. Şəxsiyyətləri məlum olmayan bu məzarların üzərində ərəb əlifbası ilə yazılar var.
Dəyirman: inventar № 4532. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Aşağı Əskipara kəndinin ərazisində Coğaz çayının sol sahilində yerləşir. Ermənilərin işğalınadək fəaliyyət göstərmişdir.
Kilsə: inventar № 4533. Aid olduğu tarixi məlum deyil. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Aşağı Əskipara kəndinin ərazisindədir. Yaşlı kənd sakinlərinin dediklərinə görə bu kilsə albanlara məxsusdur. Albanların qəbiristanlığı isə kilsə yalı deyilən təpənin ətəyində yerləşir. Kilsə həmin təpənin cənub ətəyində tikilmişdir.
Şəhərgah: inventar № 5852. Orta əsrlərə aid yerli əhəmiyyətli, arxeoloji abidədir. Yuxarı Əskipara kəndinin ərazisindədir. Bu şəhərgah qədim Xalxal şəhərinin qalıqları hesab edilir. Yuxarı Əskipara kəndindəki evlərin əksəriyyəti qədim yaşayış tikililərinin üzərindədir. Bu ərazidə yerləşən Alban yazıları olan qəbir daşlarının SSRİ dövründə ermənilər tərəfindən daşınaraq aparmaları da söylənilir. Abidə tədqiq olunmayıb.
Bu gün Yuxarı Əskiparalılar əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu yaxşı bilirlər. Heydər Əliyev kürsüsünün layiqli davamçısı, cənab Prezident İlham Əliyevin ölkəmizi gələcəyə, yeni uğurlara inamla apardığının da şahididirlər. Kənd sakinləri onu da yaxşı bilirlər ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qüdrəti sayəsində işğal altında olan bütün torpaqlarımız, Qazaxın 7 kəndi, o cümlədən də Yuxarı Əskipara kəndi işğaldan azad olunacaq və həmin gün xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq. Hər kəsin arzusuna, diləyinə çevrilmiş o gün isə çox da uzaqda deyil.
Qeyd: Yazı Qazax Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Əskipara kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin, “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğunun məlumatları əsasında hazırlanıb.