Qazax rayonunun Qaymaqlı kəndində səyyar qəbul - görüş keçirilmişdir
Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov əvvəlcədən tərtib olunmuş qrafikə əsasən şəhər və kəndlərdə əhali ilə səyyar qəbul-görüşlər keçirir. Belə görüşlərdən biri də rayonun Qaymaqlı kəndində keçirilmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, İcra Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin basçısı cənab Ayaz Əsgərov rayonda və Qaymaqlı kəndində son illərdə görülmüş işlər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, kənddə 7 ədəd subartezian quyusu qazılmış, bütün evlərə su xətti çəkilmiş, 13 km uzunluğunda Yuxarı Salahlı-Qaymaqlı avtomobil yolu inşa edilmiş, şərti suvarılan pay torpaqlarının suvarılması məqsədilə dörd pilləli su nasosu təmir edilmişdir. Kənd 100 faiz təbii qazla və 24 saat fasiləsiz elektrik enerjisi ilə təmin edilmişdir.
Kənd ağsaqqalı Murad Süleymanov, Kazım Kazımov və digər kənd sakinləri kənddə görülmüş işlərə görə ölkə prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmişlər. Bundan başqa kənddə mövcud olan problemlərin həlli: kənddə yeni uşaq bağçasının, mədəniyyət evinin, qəza vəziyyətində olan tam orta məktəb binasının tikintisi, 1 ədəd subartezian quyusunun qazılması, 1,5 km uzunluğunda kənd daxili yollara qum-çınqılın döşənməsi, suvarma xətlərində olan problemlərin aradan qaldırılması və elektrik xətlərinin SİP kabellə əvəz olunması istiqamətində işlərin görülməsini xahiş etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov sakinlər tərəfindən irəli sürülmüş təkliflərə münasibət bildirmiş və onların icrası ilə əlaqədar aidiyyəti struktur və xidmət sahələrinin rəhbərlərinə konkret tapşırıqlar vermişdir.