Koronavirus pandemiyasına qarşı mübarizədə artıq bəzi məhsullar Azərbaycanda istehsal edilir
İyunun 9-da Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı olub.
Açılış mərasimində dövlətimizin başçısı bildirib ki, “Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində”.
Bəli, ölkə başçısının da söylədiyi kimi, koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə tibbi ləvazimat və qoruyucu vasitələrə, o cümlədən maskalara tələbatın kəskin artması səbəbindən bu istiqamətdə təminat sahəsində də məqəsdyönlü işlər görüldü. Respublika Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə bu il aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin, mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışları bu sahədə atılan ən uğurlu addımlar oldu. Bu baxımdan ölkədə kifayət qədər maskaların və tibbi spirtin Azərbaycan Respublikasında istehsalının təşkili vətəndaşlarımızın heç bir narahatçılığının olmamasına xidmət edir.
Ölkə rəhbəri vurğulayıb ki, “Azərbaycan cəmiyyəti pandemiyaya qarşı mübarizədə əsasən qayda və qanunlara əməl edir, sağlamlıqlarını qoruyur. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir”.
Cənab Prezident İlham Əliyevin iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edərkən tibbi maskadan istifadə etməsi, eləcə də üç modul tipli xəstəxananın açılışı zamanı maska taxılması ilə bağlı söylədiyi fikirlər hər bir Azərbaycan vətəndaşı üçün əsl nümunə olmalıdır. Hər bir vətəndaş öz şəxsi məsuliyyətini hiss etməli, Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməlidir.