Qazaxda bu günədək 2000 kiloqramdan çox barama tədarük olunub
Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi bölgələrimizdə bu sahəyə olan marağı ildən-ilə artırır. Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı” da bu sahənin inkişaf etdirilməsində mühüm rol oynayır. Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq Dövlət Proqramının uğurla icra olunması sayəsində ölkəmizdə baramaçılığın inkişafı istiqamətində görülən məqsədyönlü işlər də məhz bu məqsədə xidmət edir.
Qazaxda beşinci ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da müvəffəqiyyətlə icra olunur. Cari ildə Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçülər tərəfindən bu il 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.
Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan Aslanbəyli, Qaymaqlı, Kəmərli, Daş Salahlı, Orta Salahlı, Dəmirçilər, Alpoud, Cəfərli, Birinci Şıxlı, Xanlıqlar kəndlərində barama yetişdirən kümçülər öz zəhmətlərinin bəhrəsini görürlər. Artıq həmin kümçülər tərəfindən 2,063 kq barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.