Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda maarifləndirici və istiqamətləndirci görüş-toplantı keçirilmişdir

04 mart 2016 | 16:00

Qazaxda şəhər, rayon İHB aparatlarının ictimai-siyasi və humanitar məsələlər şöbələrinin müdir müavinlərinin iştirakı ilə Bakı şəhərində keçirilmiş (12-13 fevral 2016-cı il) seminar-müşavirənin materiallarının təbliği və öyrənilməsi məqsədilə maarifləndirici  və istiqamətləndirici görüş-toplantı keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı yanındakı Dini İşlər üzrə Komissiyanın üzvləri, hüquq mühafizə orqanlarının nümayəndələri, şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəb direktorları, həmkərlar təşkilatlarının sədrləri, Qafqaz Müsəlmanları İdarəsinin Bölgə qazisi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbə müdiri,  dini icma sədrləri, dini ayinlərin icraçıları, axund, imamlar və KİV nümayəndələri  iştirak etmişlər.
Tədbiri giriş sözü ilə RİHB-nın birinci müavini, Rayon İcra Hakimiyyəti Başçısı yanındakı Dini İşlər üzrə Komissiyanın sədri Fərman Nağdalıyev açmış və tədbirin mahiyyəti, əhəmiyyəti və məqsədləri barədə toplantı iştirakçılarına geniş məlumat vermişdir.
RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov geniş məruzə etmişdir. Sonra məruzə ərtafında Rayon Polis şöbəsinin rəis müavini, rayon İcra Hakimiyyəti başçısı yanındakı dini komissiyanın üzvü Nazim Əliyev, DTX-nin Qazax rayon şöbəsinin baş əməliyyat müvəkkili, rayon İcra Hakimiyyəti başçısı yanındakı dini komissiyanın üzvü Müşviq Mürsəlov, Qafqaz Müsəlmanları idarəsinin bölgə qazisi, rayon İcra Hakimiyyəti başçısı yanındakı dini komissiyanın üzvü İlham Əfəndi, RTŞ-nin müdir müavini Zakir Nəsibov, Rayon Gənclər və İdman idarəsinin rəisi, rayon İcra Hakimiyyəti başçısı yanındakı dini komissiyanın üzvü Vüqar Nəbiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin qərb bölgəsi üzrə şöbə müdiri Eldəniz Vəliyev və başqaları çıxış etmişlər. Sonra tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılmış və onları maraqlandıran suallar cavablandırılmışdır.

RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucovun məruzəsini qısa ixtisarla dərc edirik:
Hörmətli toplantı iştirakçıları,
Bildiyiniz kimi, ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən 12-13 fevral 2016-cı il tarixdə, Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti yanındakı İdarəçilik Akademiyasında şəhər, rayon İcra Hakimiyyəti başçısı aparatlarının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirlərinin müavinləri üçün seminar-müşavirə keçirilmişdir. Biz bu gün həmin seminar-müşavirənin materiallarının təbliği və öyrənilməsi məqsədilə bu toplantını keçiririk.
İki gün davam edən seminar-müşavirəni Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, regional idarəetmə və yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri cənab Zeynal Nağdəliyev açmış və tədbirin məqsədlərindən danışmışdır. Qeyd etmişdir ki, bu gün dünyada baş verən hadisələr nəticəsində sosial-iqtisadi böhran yaşanır. Bu problemlərin kökündə dinlərə olan münasibət dayanır. Azərbaycanda da bunun təsirləri görünməkdədir. Dinin cəmiyyət üçün  çox həsas məsələ olduğunu vurğulayan Z.Nağdəliyev qeyd etmişdir ki, bu məsələyə elmi yanaşma tələb olunur. Azərbaycanda din siyasətinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Ölkəmizdə dinə, adət-ənənələrimizə hər zaman hörmətlə yanaşılır. Dünyada dini abidələrin məhv edildiyi bir zamanda Azərbaycanda əksinə məscidlər bərpa olunur, yeniləri tikilir və bu bütün dünyada ölkəmizin dinə tolerant münasibətini göstərir.
“Azərbaycan Respublikasında dövlət din münasibətləri və əsas istiqamətlər” mövzusunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı diqqətə çatdırıb ki, dövlət-din münasibətləri XXI əsrin mövzusu deyil, dövlət yarandığı gündən dində meydana gəlib. Azərbaycan xalqı da müxtəlif dövrlərdə müxtəlif dinlərə stayiş edib. Bu gün Azərbaycan milləti tam şəkildə İslamı qəbul edib və əhalinin 96 faizi bu dinin daşıyıcılarıdır. Sovet dövründə ateist bir dövlət modeli qurulmuşdur və bu hal müstəqilliyimizin ilk illərindən başlayaraq öz mənfi, zərərli nəticələrini verməyə başlamışdır. Belə ki, dini savadsızlığımızdan istifadə edən və ölkəmizə gələn missionerlər “Qurani-Kərəmdə” olan ayələri yanlış yozaraq özlərinə uyğun şəkildə  təqdim edirdilər. İndi Dini qurumlarla işin təşkilatçıları bunun qarşısını öz bilikləri, “Qurani-Kərəmi” bilmələri ilə ala bilərlər. Mübariz Qurbanlı sonda bu gün Azərbaycanda 2 min 166 məscidin olduğunu, onlardan 1500-nün gündəlik fəaliyyət göstərdiyini, hazırda hər bir bölgə üzrə dini xəritələr hazırlandığını və bu xəritələrdə rayonlardakı dini ibadət yerlərinin sayının, əhalinin hansı məzhəblərə xidmət etdiyini və digər məlumatların əks olunduğunu söyləmişdir.
“Milli-mənəvi dəyərlərin təbliği və tolerantlıq mühitinin formalaşmasında vətəndaş cəmiyyəti təsisatlarının rolu” mövzusunda çıxış edən Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, vətəndaş cəmiyyəti təsisatları fərdi, qrup və ictimai maraqların təmin olunması məqsədilə vətəndaşların yaratdıqları birliklərdir.  Azərbaycanda  bu cür təsisatların ən geniş yayılan forması QHT-lərdir. Ölkəmizdə onların fəaliyyətinə dövlət dəstəyi konsepsiyası qəbul olunub, Dövlət Dəstəyi Şurası yaradılıb.Həmin Şuraya dövlət tərəfindən təxminən 5 milyon manat vəsait ayrılıb. Azərbaycanda yayılan ən geniş vətəndaş cəmiyyətlərindən biri də həmkarlar ittifaqlarıdır. Bu qurumlar dövlətin sosial-siyasət məsələləri üzrə tərəfdaşlarıdır. KİV-lər də vətəndaş cəmiyyəti institutu təsisatlarına daxildir və hər bir vətəndaş informasiya vasitəsi təsis edə bilər. Hazırda Azərbaycanda 3 minə yaxın QHT, 50-dək siyasi partiya fəaliyyət göstərir. Təxminən 200 qəzet, 100 yaxın jurnal, 50-dən çox televiziya və radio kanalı, 300-dən çox fəal internet informasiya resursu, onlarla mətbuat yayım şirkəti fəaliyyət göstərir. Gün ərzində bu informasiya vasitələrinə çıxış imkanları olan insanlar ümumi əhalinin təxminən 75 faizini təşkil edir. Odur ki, milli-mənəvi və multikultural dəyərlərin təbliğində ən önəmli rol kütləvi informasiya vasitələrinə məxsusdur.
Milli-mənəvi dəyərlərdən danışan Prezident Administrasiyasının rəsmisi deyib :    “Milli-mənəvi dəyər dedikdə, fərdi və ictimai həyatın müxtəlif sahələrində hamının və ya əksəriyyətin qəbul etdiyi ictimai ideyalar, prinsiplər, normalar, baxışlar, adət və ənənələr sistemi nəzərdə tutulur. Biz bu vətəndaşlıq normaları əsasında yaşayırıq və fəaliyyət göstəririk. Bunun əsası da ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Milli-mənəvi dəyərlərin əsasında duran əsas prinsip Azərbaycançılır ideologiyasıdır. Bütün buraya Azərbaycan xalqının qəbul etdiyi normalar, mənəviyyat, adət və ənənələr daxildir”. Vahid dövlətə mənsubluq hissi, vətən qayğıları və onun üstünlükləri qarşısında bərabərlik də milli-mənəvi dəyərlərimizin əsas tələblərindəndir.
Azərbaycanda dövlət-din münasibətlərindən danışan Əli Həsənov qeyd etmişdir ki, biz Qurandan irəli gələn adət-ənənələrin hamısını qəbul edirik. Eyni zamanda bu gün biz radikal şiəliyi və digər radikal dini cərəyanları təbliğ edənlərə qarşı da öz mövqeyimizi nümayiş etdiririk. Azərbaycan Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib. Bu o deməkdir ki, dövlət dini ayinlərə, onların daxili normalarına müdaxilə etmir. Dini ayinin yeri məscidlərdir, onların ərazisidir. Dövlət hakimiyyətinin yeri isə bütün dövlətin ərazisidir. Əsas bir prinsip var. Dövlət dinin işinə qarışmır, din isə dövlətin dünyəvi normalarına müdaxilə etmir.
Daha sonra Azərbaycan Respublikası Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev “Azərbaycanda Dövlət-din münasibətlərinin qanunvericilik bazası” mövzusunda məruzə ilə çıxış etmişdir.  Dövlət-din münasibətlərinin kifayət qədər mürəkkəb olduğunu vurğulayan Şahin Əliyev demişdir : “Məsələnin mürəkkəbliyi ondan ibarətdir ki, din dövlət ilə müqayisədə tam muxtar bir sistemdir. Dinin öz qanunları ilə mühakimə sistemi var. Məsələn, dövlət öz qanunlarının icrasını təmin etmək üçün hüquq-mühafizə orqanları və digər güc strukturları yaradır. Dini ayinlərin tətbiqinə gəldikdə, bunun üçün heç bir struktura ehtiyac yoxdur. Hər bir dindar bu ayinlərə əməl edilməsini özünə borc bilir. Ona görə də dindən öz məqsədləri üçün istifadə etmək istəyən hər bir dövlət suquta uğrayır. Yəni dövlət strukturları din strukturları ilə əvəz edilir.
Şöbə müdiri qeyd edib ki, hazırda Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, sırf dünyəvilik prinsipi əsasında qurulub. Azərbaycan əhalisinin təxminən 70 faizi şiə, 30 faizi sünnüdür. Tarixən ölkəmizdə bu məzhəblər arasında  heç vaxt münaqişə olmamışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bəzi qüvvələr şiə-sünni faktorunu qabartmağa çalışsalar da, bu cəhdlər boşa çıxmışdır. Şahin Əliyev qeyd edib ki, vaxtı ilə bir fransız sosioloqu öz elmi məqaləsində “İslamın Azərbaycan brendi” ifadəsini işlətmişdir. O, Azərbaycan məscidlərində sünni ilə şiyələrin bir yerdə namaz qıldığını görəndə təəcüblənmişdir. Doğrudan da dünyanın heç bir ölkəsində İslamın iki qolu arasında bu cür münasibətləri görmək mümkün deyil.
Qeyd olunmuşdur ki, “Dini etiqad azadlığı haqqında” Qanun din məsələlərinə sırf dünyəvilik nöqteyi-nəzərindən yanaşır. Qanun kifayət qədər həcmli olsa da, onun praktikada işləyən cəmi bir neçə məqamı var. Birinci məqam dini aid materialların yayılmasıdır. Bütün dini ədəbiyyat, audio və video yazılar mütləq nəzarət markası ilə markalanmalıdır. Əks halda onların yayılmasına icazə verilmir və buna görə məsuliyyət müəyyən olunub. Digər məqam QMİ-si  məscidlərə axundların təyin olunmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırılmalıdır. Nəhayət, sonuncu məqam xaricdə dini təhsil almış din xadimləri tərəfindən dini mərasimlərin yerinə yetirilməsinə icazə verilmir. Lakin, bu tələblərə riayət edilməsinə nəzarət etmək kifayət qədər çətindir.  Buna baxmayaraq, istənilən halda bu tələbin yerinə yetirilməsinə çalışmaq lazımdır. Ümumiyyətlə, din xadimləri və dindarlarla iş aparmaq üçün “Qurani Kərimi” mükəmməl bilmək lazımdır.
Şahin Əliyev çıxışını aşağıdakı cümlələrlə bitirmişdir. “İslam tarixən çox tolerant dindir və hazırda cərəyan edən radikalizm heç vaxt bu dinə xas olmayıb. Bizi istəməyən xarici qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycanda din və mədəni tolerantlıq ənənəsi pozulmayıb. Ümid edirəm ki, bu ənənə  bundan sonra da pozulmayacaqdır”.
Seminar-müşavirə fevralın 13-də Azərbaycan Respublikasının millətlərarası, multikultralizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Azərbaycan multikultralizminin inkişaf perspektivləri” mövzusunda çıxışı ilə öz işini davam etdirmişdir. Kamal Abdullayev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev çox böyük uzaqgörənliklə 2016-cı ili “multikultralizm ili” elan etmişdir. Bu, yalnız Azərbaycan üçün deyil, beynəlxalq aləm üçün  də böyük önəm kəsb edir. Dövlət başçısı bununla xalqımızın indiyədək yaşadığı və bundan sonra da yaşadacağı dəyərləri təyin edib. Multikultralizm məna etibarı ilə çoxmədəniyyətlilik deməkdir. Yəni, çoxmədəniyyətli bir cəmiyyətdə bu, çoxmədəniyyətliliyin daşıyıcıların bir-birinin yanında normal şəkildə yaşamaları deməkdir. Bu Azərbaycan üçün həyat tərzidir. Qədim dövrlərdə də belə olub. Biz bunun nümunələrini şifahi xalq ədəbiyyatımızda da aydın görürük.
Prezident İlham Əliyev hər zaman qeyd edir ki, multikultralizm Azərbaycan cəmiyyətinə, xalqına tarixən xas olan bir dəyərdir. Bizim bunun əyani sübutunu klassiklərimizin əsərlərində də aydın görürük.
Azərbaycan multikultralizminin əsas bir sahəsi onun hüquq və siyasi qaynaqlarından ibarətdir. Lakin Azərbaycanda müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərdə bu dəyərlərə loyal münasibət göstərilib. Bu dəyərləri sistemləşdirib, siyasi və hüquqi bir bazanın yaradılması XX əsrin sonlarında ulu öndər Heydər Əliyevə nəsib olmuşdur. Dövlət müşaviri qeyd etmişdir ki, hazırda həm yerli, həm də bir sıra xarici dövlətlərdə “Azərbaycan Multikultralizmi” adlı fənn tədris edilir. Bu fənn Azərbaycan xalqının tarixinə,mənəviyyatına, bu günkü ictimai-siyasi durumuna bir girişdir. Hazırda bu fənn Avropanın 13 və Azərbaycanın 28 universitetində tədris edilir. Məqsədimiz Azərbaycana olan bu marağı məhəbbətə çevirməkdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov “Dini radikalizmə qarşı mübarizədə hüquq mühafizə orqanlarının rolu və fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki, bu gün müasir dünyada sivilvasiyaların qarşıdurması müşahidə olunur. Dünyada geniş vüsət almış dini radikalizm və ekstremizm meyllərinin Azərbaycanda da yan keçmədiyini söyləyən şöbə müdiri demişdir ki, ölkəmizdə dini  radikalizm meyllərinin yayılması əsas etibarı ilə xarici faktorlarla, bəzi dövlətlərin fəaliyyəti ilə bağlıdır. Müəyyən qüvvələr dini radikal qruplardan istifadə etməklə öz siyasi məqsədlərini həyata keçirmək istəyirlər.
Azərbaycanda dini radikalizmin əsasən radikal vəhabilik və ifrat şiəlik formasında təzahür etdiyini bildirən Fuad Ələsgərov vurğulayıb ki, onların təbliğatı bir qayda olaraq xaricdə təhsil almış azərbaycanlılar tərəfindən həyata keçirilir. İndiyədək xarici ölkələrdə 3 minə yaxın azərbaycanlı dini təhsil alıb və bu gün dövlətçilik əleyhinə yönələn tədbirlərin təşkilatçısı qismində çıxış edən dindarların böyük əksəriyyəti məhz həmin şəxslərdir.
Qeyd olunub ki, hazırda dini radikaizmlə mübarizə Azərbaycanın hüquq mühafizə və xüsusi xidmət orqanları qarşısında duran əsas vəzifələrdən biridir. Xüsusilə, son dövrdə dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi üçün ölkəmizdə mühüm qanunvericilik və praktiki tədbirlər həyata keçirilir. Şöbə müdiri diqqətə çatdırıb ki, Suriya və İraqda silahlı münaqişələrin başladığı dövrdən 10 minlərlə vəhabi həmin ölkələrə gələrək İŞİD terrorçu qruplaşmasının sıralarına qoşulub. Onların arasında radikal vəhabiliyə mənsub şəxslər də olub. Bu şəxslərin geri qayıtdıqdan sonra ölkəmiz üçün yarada biləcəkləri təhlükə nəzərə alınaraq onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri addımlar atılmış, ilk növbədə 2014-cü il martın 14-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib.
Qanunvericiliyə edilmiş bu dəyişiklikdən sonra Suriya və İraqda silahlı döyüşlərdə iştirak edərək sonradan Azərbaycana dönmüş 60-dan çox şəxs Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb olunmuşlar. Görülmüş bu tədbirlər nəticəsində silahlı münaqişələrdə iştirak etmək məqsədilə ölkəmizdən Suriya və İraqa gedənlərin sayında kəskin azalma müşahidə edilməkdədir.
Prezident Administrasiyasının rəsmisi 2015-ci ilin noyabrında baş vermiş Nardaran hadisələrinə də toxunmuşdur. Qeyd etmişdir ki, bu hadisələr ifrat şiəlik ideyalarının ölkəmizin təhlükəsizliyi üçün gətirə biləyəci riskləri bir daha açaraq nümayiş etdirdi. Belə ki, Taleh Bağırov başda olmaqla bir qrup şəxs ölkəmizdə Konstitusiya quruluşunu zorla dəyişdirməklə şəriət qanunları ilə idarə olunan dini dövlət qurmaq məqsədilə “Müsəlman birliyi” adlı hərəkat yaratmış, Bakıda və bəzi rayonlarda özlərinə tərəfdar tapmış və onları odlu silah və döyüş sursatları ilə təmin etmişdir. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində həmin cinayətkar dəstə zərərsizləşdirilmiş və digər zəruri addımlar atılmışdır. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.
Fuad Ələsgərov demişdir : “ Nardaranda cinayət törətmiş  radikal dini təriqqət üzvlərinin çoxunun bu qəsəbənin sakini olmaması, əsasən xarici dövlətlərdə təhsil alması bu hadisələrin arxasında xarici qüvvələrin dayanmasını söyləmək üçün ciddi əsas verir.
Şöbə müdiri həmçinin 2015-ci ildə (04 dekabr) qəbul edilmiş “Dini ekstremizə qarşı mübarizə haqqında” yeni qanun, “Polis haqqında”, “Dini etiqad azadlığı haqqında” Qanunlarda edilmiş dəyişikliklər barədə ətraflı məlumat vermiş, qanunvericiliyin təkmilləşdirilməsinin dini radikalizm qarşı mübarizədə əhəmiyyətini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, dini radikalizmə qarşı mübarizə sistemli və kompleks şəkildə aparılmalıdır. Bu məqsədlə inzibati və cinayət hüquqi tədbirlərdən istifadə edilməsi ilə yanaşı, ənənəvi dini təbliğat gücləndirilməli, din sahəsində savadlı, dövlətçiliyimizə sadiq ruhanilər yetişdirilməlidir. Eyni zamanda, mətbuatda, xüsusilə sosial mediyada təbliğat işinə böyük önəm verilməlidir. Aidiyyəti dövlət orqanları dini radikalizmə qarşı mübarizəni mütəmadi və əlaqəli şəkildə aparmalıdırlar.
Hüquq-mühafizə orqanları əsas etibarı ilə radikal dini fəaliyyətin nəticələri ilə mübarizə aparırlar. İcra Hakimiyyəti orqanlarının fəaliyyəti isə dini radikalizmin səbəblərinin araşdırılmasına yönəlməlidir. Xüsusi ilə, gənclərin təhsilə marağının artırılması, aidiyyəti dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının cəlb edilməsi ilə peşə və təhsil kurslarının təşkili, məşğulluğunun təmin edilməsi və sair tədbirlərin həyata keçirilməsi ilə məşğul olmalıdırlar.
“Dövlət din məsələlərinə milli təhlükəsizlik konteksindən baxış” mövzusunda Azərbaycan Respublikası DTX-nin əks-kəşfiyyat baş idarəsinin rəisi İsmayıl Bağırov xidmətin yerli icra hakimiyyəti orqanları ilə birgə fəaliyyətini dini radikalizm qarşı mübarizənin ən səmərəli üsulu kimi dəyərləndirmişdir. Nardaran hadisələrinə toxunan İsmayıl Bağırov söyləmişdir ki, bəzi qüvvələr burada öz cinayət əməllərini həyata keçirməyə çalışırdılar. Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup cinayətkar dəstənin inanclı, mömin sakinlərə heç bir aidiyyəti olmayıb. Hazırda burada həyat normal axarı ilə davam edir.
Bu gün İŞID terror qruplaşmasının bütün dünya üçün ciddi problemlər yaratdığını qeyd edən idarə rəisi Azərbaycanda bu kimi ekstremist təşkilatların ciddi sosial dayağının olmadığını vurğulayıb. Bildirib ki, mütəmadi olaraq həyata keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində İŞİD və digər terrorçu təşkilatların tərkibində fəaliyyət göstərən şəxslər ardıcıl olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
Akademik Vasif Məmmədəliyev “Azərbaycanda İslam: tarixilik və müasirlik” mövzusunda çıxış etmiş, İslamın tarixi milli-mənəvi dəyərlərimizdə yeri və dövlət din münasibətləri barədə seminar-müşavirə iştirakçılarına ətraflı məlumat vermişdir.

Keçidlər