8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir
Qazax rayon İcra Hakimiyyətində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov açmış, qadınlarımızı bayram münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, Ümummilli Lider Heydər Əliyevin qadın və cəmiyyət siyasətində qadına diqqət və qayğı mühüm bir istiqamət kimi göstərilmişdir. Həmin siyasət bu gün ölkə Prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Milli-mənəvi dəyərlərimizin, adət və ənənələrimizin keşiyində şərəflə dayanan qadınlarımız həmişə Azərbaycanın müstəqilliyi, güclü və qüdrətli dövlətə çevrilməsi yolunda böyük işlər görmüşlər. Dövlət quruculuğunun bütün sahələrində səylə çalışan və uğurlar qazanan qadınlarımız ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasında, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsində, elmin, mədəniyyətin, ədəbiyyatın inkişaf etdirilməsində böyük xidmətlər göstərmişlər. Tədbirdə xüsusi vurğulanmışdır ki, Azərbaycan xalqının milli-mədəni irsinin öyrənilməsində, xalqımızın dərin köklərə malik musiqisinin, ədəbiyyatının və mədəniyyətinin təbliğində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini qadınlarımız örnək kimi qəbul edirlər. Öz fəaliyyəti ilə Azərbaycan qadının obrazını yaradan YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın gördüyü işlər beynəlxalq miqyasda da yüksək qiymətləndirilir. Biz Mehriban xanım Əliyevanı və onun timsalında bütün qadınlarımızı təbrik edirik, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərində yeni-yeni uğurlar arzulayırıq.
Biz bu gün fəxrlə bildiririk ki, Qazax qadınları da həmişə öz üzərlərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmişlər. Onlar bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin fəal müdafiəçiləri və iştirakçılarıdırlar. Rayonumuzun qadınları tarixin taleyüklü məqamlarında həmişə öz sözlərini demişlər və milli maraqlara söykənən mövqelərini nümayiş etdirmişlər.
Sonra təbrik üçün çıxışlar olmuş və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlara gül dəstələri və qiymətli hədiyyələr verilmişdir.