Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhərin su və kanalizasiya sisteminin çəkilişi sürətlə davam etdirilir

22 iyun 2020 | 16:00

Son illər ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq "Azərsu” ASC tərəfindən bölgələrdə əhalinin içməli su təchizatı və kanalizasiya layihələrinin icrası uğurla davam etdirilir.
Xəbər verdiyimiz kimi, Qazax şəhərinin içməli su və kanalizasiya sistemi də yenidən qurulur. Lazımi texnika və avadanlıqlarla, mal-material ehtiyatları ilə təmin edilən küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətlərində də su və kanalizasiya xətlərinin çəkilişi aparılır.
Su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan ilk gündən bu sahəni diqqət mərkəzində saxlayan rayon rəhbərliyi istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə daim yerində maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov su-kanalizasiya sisteminin çəkilişi aparılan Heydər Əliyev prospektində yerləşən beşmərtəbəli 61A, üçmərtəbəli 63, dördmərtəbəli 65 saylı, Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbəli olan 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində, eləcə də Azadlıq, Bakı və yeni bardür düzülən Murtuz Carçıyev küçələrində görülən işlərin mövcud vəziyyəti ilə tanış olub.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovun və Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsində layihə rəhbərinin köməkçisi Azər Salmanovun iştirakı ilə keçirilən baxış zamanı icra başçısı çəkiliş zamanı qazıntı işlərinin texniki təhlükəsizlik qaydalarına əməl edilməklə həyata keçirilməsini bildirib. Bundan əlavə, qazıntı zamanı yararan dərin çökəkliklərin kənarında xəbərdaredici nişanların, kanalizasiya borularına qapaqların qoyulması, yeni çəkilmiş su xəttinin üzərinin açıq qalması, köhnə su xətlərinin, yeraltı qaz borularının, eləcə də elektrik, rabitə xətlərinin zədələnməsinə ciddi nəzarət olunmasını qeyd edib. Görülən hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.

Keçidlər