Qazaxda “Zərərli vərdişlərdən yayının” mövzusunda onlayn rəsm müsabiqəsi təşkil olunub
Qazax Rayon Heydər Əliyev Mərkəzi narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində Qazax Dövlət Rəsm Qalereyası ilə birgə “Zərərli vərdişlərdən yayının” mövzusunda onlayn rəsm müsabiqəsi təşkil edib.
16-22 iyun 2020-ci il tarixlərində keçirilən müsabiqəyə rayon məktəbliləri qatılıblar. 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən bu müsabiqədə məktəblilər narkomaniyanın insanlıq üçün böyük təhlükə olduğunu fırçanın və rənglərin dili ilə çatdırmağa çalışıblar.
Müsabiqəyə təqdim olunan işlər Mərkəzin Facebook sosial şəbəkəsində paylaşılıb. Müsabiqə iştirakçılarının qiymətləndirilməsi və seçilməsi üçün yaradılan beş nəfərdən ibarət münsiflər heyəti tərəfindən rəsmlər içərisindən 3 nəfərin əl işi xüsusi qiymətləndirilib.
Bu gün Qazax Rayon Heydər Əliyev Mərkəzində I, II, III yerin qaliblərinə və digər iştirakçılara Fəxri Fərmanların təqdim edilməsi üçün tədbir təşkil olunub.
Mərkəzin direktoru Ceyhunə Hüseynova qalibləri təbrik edərək uğurlar arzulayıb.
Sonra qalib iştirakçılar çəkdikləri rəsmlərdə nə demək istədiklərini açıqlayaraq narkotik vasitələrin insan sağlamlığı üçün zərərli olduğunu bir daha qeyd ediblər.
Onu da qeyd edək ki, tədbir koronavirus (COVID-19) pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə yaradılmış Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş sosial izolyasiya tədbirlərinə əməl edilməklə həyata keçirilib. Tədbirdə 10 nəfərdən artıq iştirakçı olmayıb, həmçinin iştirakçılar tibbi maska, əlcəklə təmin edilib və sosial məsafə gözlənilib.