Şriftin ölçüsü :

Saytın rəngi :

Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən həkimlərin, tibb işçilərinin gördükləri işlər danılmazdır

24 iyun 2020 | 16:00

Bütün dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə bu gün də geniş tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində lazım olan bütün zəruri işlər görülür.
Hər kəsə yaxşı məlumdur ki, koronavirusla mübarizədə həkimlərin, tibb işçilərinin rolu olduqca böyükdür. Xəstə yaxınlarının ümid yerinə çevrilən həkimlərin və tibb işçilərinin koronavirus infeksiyası ilə mübarizə tədbirlərində gördükləri işlər danılmazdır. Koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə “əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Onlar mürəkkəb şəraitdə gərgin əmək sərf edərək sutka ərzində demək olar ki, fasiləsiz çalışırlar.
Bu gün Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Yoluxucu xəstəliklər şöbəsində, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan həkimlər və tibb işçiləri də ölkəmizdə yaşanan bu çətin vəziyyətdə, xüsusi karantin rejimi dövründə koronavirusla mübarizədə əsl güc, dəyanət nümayiş etdirirlər. Vəzifə səlahiyyətlərini şərəflə yerinə yetirərək üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırlar.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Uşaq Xəstəxanasında, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan əməkdaşlarla görüşüb, qayğıları ilə maraqlanıb.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb. İcra başçısı bildirib ki, istər ölkə rəhbəri İlham Əliyevin, istərsə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq.
“Biz yaxşı bilirik ki, pandemiya dövründə bu virusla mübarizədə Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Yoluxucu xəstəliklər şöbəsində çalışan həkimlərimizlə yanaşı, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında çalışan əməkdaşlarımız da böyük əzmkarlıq, əsl dəyanət nümayiş etdirirlər”, - deyən icra başçısı onların əziyyətini yüksək qiymətləndirib.
Rayon rəhbəri dövlətimizin, ölkə başçısının qayğısı, həkimlərimizin, tibb işçilərimizin əzmkarlığı sayəsində ölkəmizdə bu bəlanın tez bir zamanda aradan qalxacağını qeyd edib və koronavirusla mübarizədə gərgin əmək sərf edən tibb işçilərinə gələcək işlərində uğurlar arzulayıb.
Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Qazax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının şöbə müdiri, baş həkim əvəzi Əmirxan Mamedov, Qazax Rayon Uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdikləri kollektivlər adından təşəkkürlərini çatdırıblar. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq ediblər. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildiriblər.

Keçidlər