Qazaxda biçin başlanıb
Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da uğurla icra olunur. Həm dövlət, həm də rayon rəhbərliyi tərəfindən diqqət və qayğı, hər cür dəstəklə, texnika ilə təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına daha çox maraq göstərirlər.
Bu il rayonda 11 min 395 hektar sahədə taxıl əkilib ki, onun da 6916 hektarı buğda, 4479 hektarı arpadır. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Artıq rayonda arpa biçininə başlanılıb. Biçinin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, eləcə də təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb başa çatdırılıb, texnika saz vəziyyətə gətirilib. Qeyd edək ki, sahələrə kifayət sayda kombayn cəlb edilib. İyun ayının 25-dək 4479 hektar arpa sahəsinin 440 hektarında biçin aparılıb. Yerdə qalan sahədə də biçin işləri sürətlə davam etdirilir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
26 iyun 2020-ci il