Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş videokonfrans keçirilib

26 iyun 2020 | 16:00

26 iyun BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur.
Bu gün 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya tərəfindən təşkil olunmuş maarifləndirici videokonfransda komissiya üzvləri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri və fəal gənclər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, hərbçilərimizi, əsgər və zabitlərimizi, hər kəsi təbrik edib.
Təşkil olunan videokonfransın məqsəd və əhəmiyyətindən söz açan müavin 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə dair hər il təşkil olunan silsilə tədbirlərin pandemiya ilə əlaqədar olaraq onlayn konfrans şəkildə keçirildiyini bildirib.
“Bugünkü gənclik sabahımız, gələcəyimizdir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab olunur”, - deyən G.Həsənova dövlət tərəfindən bu sahədə görülən işlərdən danışıb. Cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən Qazax rayonunda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildirib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı-məsləhətçi psixoloq, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın və Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə həyata keçirilən tədbirlərdən söz açıb. Hər iki komissiya tərəfindən Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun, Rayon Gənсlər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsinin əməkdaşları ilə birlikdə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində narkomanlığa qarşı mübarizə məqsədilə keçirilmiş tədbirlər barədə geniş məlumat verib.
Qazax Rayonlararası Psixiatriya Xəstəxanasının narkoloq həkimi Nahidə Osmanova çıxış edərək narkomaniya, onun törətdiyi fəsadlar barədə konfrans iştirakçılarını məlumatlandırıb. Narkomaniyanın gənc nəslə vurduğu zərərdən, narkomaniya ilə mübarizənin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olmasından danışıb. Narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıb. Müasir dövrümüzdə narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biri olduğunu qeyd edib.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək hər kəsi, xüsusilə də gəncləri bu bəlaya qarşı birgə mübarizə aparmağa səsləyib. Qeyd edib ki, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) günümüzün sərhəd tanımayan, qlobal xarakter daşıyan, dünyada qorxulu xəstəlik kimi hər bir insanı düşündürür. Beynəlxalq problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi, xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir.
Qazax Gənclər evi sosial xidmət müəssisənin direktoru Vüsal Hüseynov çıxışında bu bəla ilə birgə mübarizə aparmaq üçün daim gənclərin yanında olacaqlarını qeyd edib və bütün gəncləri narkomaniyaya qarşı birlikdə mübarizə aparmağa çağırıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova videokonfransa yekun vuraraq bu cür tədbirlərin bundan sonra da mütəmadi olaraq təşkil olunacağını qeyd edib. Narkomaniya ilə mübarizədə hər kəsə uğurlar arzulayıb.

Keçidlər