Qazaxda "Gənc Könüllülər”in "Bir-birimizi qoruyaq” çağırışı davam edir
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışları əsasında Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) vətəndaşlar arasında başlatdığı "Bir-birimizi qoruyaq” adlı sosial kampaniya çərçivəsində aparılan maarifləndirmə tədbirləri uğurla həyata keçirilir.
Xüsusi karantin rejimi müddətində vətəndaşların kütləvi toplaşdığı yerlərdə sosial məsafənin qorunması və digər davranış qaydaları barədə sakinlər arasında ictimai maarifləndirmə işi aparmaq, cəmiyyətin sağlamlığını qorumaq məqsədini daşıyan bu aksiya sakinlər tərəfindən də rəğbətlə qarşılanır.
"Bir-birimizi qoruyaq” kampaniyasına həvəslə qoşulan Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər”i maarifləndirmə işlərini ilk gündən müvəffəqiyyətlə yerinə yetirirlər.
Kampaniya çərçivəsində gənclər bu dəfə əhalinin kütləvilik təşkil etdiyi bank filiallarının qarşısında vətəndaşlar arasında maarifləndirmə işləri aparıb, əllərini dezinfeksiya etdikdən sonra onlara maskalar paylayıblar.
"Gənc Könüllülər” Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tibbi maskadan istifadə etmələrini sakinlərə nümunə göstəriblər. Gənclər sakinləri öz şəxsi məsuliyyətlərini hiss etməyə, Operativ Qərargahın xüsusi karantin rejimi qaydaları ilə bağlı tələb və tövsiyələrinə əməl etməyə çağırıblar.