Qazaxda su və kanalizasiya sistemi çəkilən daha 3 binanın həyətində abadlıq işlərinə başlanılıb
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilən dövlət proqramlarına uyğun olaraq respublikamızın şəhər və rayonları gündən-günə daha da müasirləşir. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində Qazaxda da genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri aparılır.
Hazırda rayonda ən iri layihələrdən olan şəhərin içməli su və kanalizasiya sistemi yenidən qurulur. "Azərsu” ASC tərəfindən icra olunan layihə sürətlə davam etdirilir.
Sevindirici hal isə odur ki, şəhərin su və kanalizasiya xəttinin çəkilişi başa çatdırılan küçələrində dərhal abadlıq işlərinə, xüsusilə də asfaltlama işlərinə başlanılır. Şəhərin su və kanalizasiya xətlərinin çəkilişi başa çatan Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işləri və yeni asfalt örtüyün çəkilməsi bunun bariz nümunəsidir.
Onu da qeyd edək ki, şəhərdə küçələrlə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də su və kanalizasiya sisteminin çəkilişi aparılır. Azadlıq küçəsində yerləşən beşmərtəbəli 92 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən hər biri beşmərtəbədən ibarət 12 və 14 saylı çoxmənzilli yaşayış binalarının həyətində isə çəkiliş başa çatdığından artıq abadlıq işlərinə start verilib. Hazırda binaların həyətində lazım olan hissələrə yeni bardürlər düzülür, eləcə də digər abadlıq işləri görülür. Aparılan abadlıq işləri sayəsində qısa bir vaxtda bu binaların həyəti də Nəriman Nərimanov yaşayış massivində olduğu kimi, "Abad məhəllə” adı altında bina sakinlərinin ixtiyarına veriləcək.
Bu il əsaslı şəkildə təmir olunan Bağanıs Ayrım kəndindən məcburi köçkün olan sakinlərin yaşadığı Ş.Xiyabanı 27, şəhər sakinlərinin yaşadığı Ş.Xiyabanı 25 saylı binaların həyətində də su və kanalizasiya sistemi yenidən qurulur.
Hər kəs yaxşı bilir ki, su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan ilk gündən rayon rəhbərliyi bu sahəni diqqət mərkəzində saxlayaraq çəkilişlər aparılan ərazilərə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə daim yerində maraqlanır.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovla birlikdə su-kanalizasiya sisteminin çəkilişi başa çatan, eləcə də hazırda davam etdirilən həmin binaların həyətində görülən işlərlə tanış olub. Hər bir işin keyfiyyətinə üstünlük verilməsini qeyd edən icra başçısı aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün qeyd edək ki, layihənin sifarişçisi "Azərsu” ASC, maliyyə mənbəyi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı, podratçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, məsləhətçi şirkət isə "Gentek” Consult şirkətidir. İki il müddətində davam edəcək layihədə şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması üçün bütün lazımi tədbirlər görülüb. Həmçinin, şəhərin su təchizatı və kanalizasiya sisteminin çəkilişi paralel olaraq aparılır. Əsasən 3 mərhələdə həyata keçirilən layihənin 2020-ci ilin sonlarına kimi başa çatdırılması nəzərdə tutulub.
Azadlıq küçəsi 92 saylı bina
Ş.Xiyabanı küçəsi 12 saylı bina
Ş.Xiyabanı küçəsi 14 saylı bina
Ş.Xiyabanı küçəsi 25 saylı bina
Ş.Xiyabanı küçəsi 27 saylı bina