Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü 130 dövlətin dəstəkləməsi həm ölkəmizin, həm də dövlət başçısının növbəti uğurudur
Bu gün bu fikir Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Qazax Gənclər evi sosial xidmət müəssisənin birgə təşkilatçılığı ilə keçirilən videokonfransda səslənib.
Fəal gənclərin, könüllülərin də qatıldığı videokonfransda iştirak edənlər 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsini bir daha böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Videokonfrans iştirakçıları ölkə başçısının irəli sürdüyü təşəbbüsün 130 ölkə tərəfindən belə yüksək səviyyədə, yekdilliklə dəstəklənməsini beynəlxalq ictimaiyyətin ölkəmizə, onun rəhbərinə olan böyük etimadının və hörmətinin növbəti göstəricisi kimi qiymətləndiriblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq bugünkü görüşün məqsəd və əhəmiyyətindən danışıb. G.Həsənova bütün dünyada tüğyan edən koronavirus (COVID-19) pandemiyasının ölkəmizdən də yan keçmədiyini bildirib. Pandemiyanın başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında vətəndaşların sağlamlığı istiqamətində görülən işlərdən danışan müavin bu gün Azərbaycanın pandemiya ilə mübarizədə az itki verən ölkə olduğunu qeyd edib. Eyni zamanda ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlərin bu gün qonşu ölkələrdə belə nümunə göstərildiyini vurğulayıb. G.Həsənova ölkəmizin nəinki daxildə, eləcə də xaricdə mühüm addımlar atdığını, regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdüyünü də qeyd edib. Bunun bariz nümunəsi kimi də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini göstərib. Həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsini ölkəmizə olan böyük inamın əyani sübütu kimi göstərib.
G.Həsənova qeyd edib ki, Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi ölkə olaraq atılan böyük siyasi addım idi. Eyni zamanda dövlət başçısı bu addımı ilə yüksək liderlik qabiliyyətinə malik olmasını bir daha nümayiş etdirmiş oldu. Çünki Qoşulmama Hərəkatına üzv olmaq, qısa bir vaxtda da həmin hərəkata sədrlik etmək həm ölkəmizin, həm də onun liderinin siyasi nüfuzundan xəbər verir. Mayın 4-də baş tutan Zirvə Görüşündə də Azərbaycan dövləti olaraq bunu bir daha sübut etmiş olduq.
Müavin vurğulayıb ki, sevindirici haldır ki, təklif Nyu-Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Qaydalara əsasən, BMT-yə üzv olan 97 ölkənin təşəbbüsə dəstək verməsi kifayət etdiyi halda bu gün 130-a qədər ölkə bu təşəbbüsə qoşuldu. Bu, Azərbaycan dövlətinin ev sahibliyi etdiyi böyük bir təşkilatda qazandığı növbəti uğur oldu.
G.Həsənova qeyd edib ki, həmişə olduğu kimi, bu dəfə də mənfur düşmənimiz olan Ermənistan öz məkrli siyasətindən, xudbin niyyətindən əl çəkmədi. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət olaraq Ermənistanın hər zaman Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bir daha nümayiş etdirdi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Müavin qeyd edib ki, xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq və Azərbaycan güclü dövlət olaraq bütün dünyaya həm öz gücünü, həm də həmrəylik nümayiş etdirdiyini bir daha göstərmiş olacaq. O gün isə elə də uzaqda deyil.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev çıxış edərək bildirib ki, xalqımız bu günlərdə böyük bir uğurun sevincini yaşamaqdadır. Hansı ki, ölkə başçısı İlham Əliyevin böyük səyi nəticəsində Azərbaycan dövləti regionun güclü dövləti olduğunu bir daha sübut etdi. Dövlət başçısının bu təşəbbüsünə 130 ölkənin dəstək verməsi onu göstərdi ki, Azərbaycanın atdığı hər bir addım, irəli sürdüyü hər bir təşəbbüs birmənalı şəkildə dəstəklənir. Bu, ölkəmizə və onun Prezidentinə olan böyük inam və etimaddan irəli gəlir. Çünki dünya dövlətləri son illər Azərbaycanın qazandığı uğur və nailiyyətləri, ölkədə olan inkişafı yaxşı bilir və yüksək qiymətləndirir. Ən əsası da bir daha şahidi oldular ki, Azərbaycanda atılan bütün addımlar vətəndaş amilinə söykənir.
Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, bu gün biz Azərbaycan vətəndaşları qürur hissi keçiririk ki, vətəndaşı olduğumuz ölkənin lideri tərəfindən irəli sürülən təşəbbüs 130 dövlət tərəfindən yekdilliklə dəstəkləndi. Bu uğur hər bir vətəndaş üçün qürurvericidir. C.Hüseynova qeyd edib ki, ölkə başçısı bu addımı ilə həm də ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu nümayiş etdirdi. Xalqımız əmin oldu ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi dinamik inkişafın, yüksəlişin bərqərar olması deməkdir. Eyni zamanda da Ümummilli Liderin qurduğu müasir, müstəqil Azərbaycanın bu günü, sabahı əmin əllərdədir. Çünki ölkə başçısının son dövrlər iştirak etdiyi bütün beynəlxalq səviyyəli görüşlərdə, tədbirlərdə savadlı siyasətçi kimi çıxış etməsi, öz çıxışları ilə də mənfur düşmənimiz olan Ermənistanın rəhbərinə layiqli yerini göstərməsi bunu dəfələrlə sübut edib ki, Azərbaycanın güclü lideri var. C.Hüseynova qeyd edib ki, ölkə başçısı İlham Əliyev mayın 4-də keçirilən Zivə Görüşündə irəli sürdüyü təşəbbüslə bütün dünyaya sübut etdi ki, COVID-19 pandemiyası ilə mübarizə tək bir dövlətin problemi deyil, bu mübarizədən tək-tək deyil, birlikdə, həmrəylik nümayiş etdirərək qalib çıxmaq olar. BMT Baş Assambleyasının keçirəcəyi xüsusi sessiya da bunu bir daha nümayiş etdirəcək ki, həqiqətən də güc birlikdədir.
Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov çıxışında gənclər ordusu olaraq ölkə başçısının bu təşəbbüsünü, eləcə də həmin təşəbbüsün 130 dövlət tərəfindən dəstəklənməsini böyük ruh yüksəkliyi ilə qarşıladıqlarını bildirib. Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində mühüm addımların atıldığını, vətəndaş amilinə xidmət edən uğurlu işlərin həyata keçirildiyini vurğulayıb. Ölkəmizdə yaşanan mövcud vəziyyətlə əlaqədar fikirlərini çatdıran İ.Süleymanov Mərkəzin könüllülərinin pandemiya dövründə istər ərzaq yardımlarının çatdırılmasında, istər vətəndaşların maarifləndirilməsində yaxından və fəal iştirak etdiklərini bildirib.
Qazax Gənclər evi sosial xidmət müəssisənin direktoru Vüsal Hüseynov bildirib ki, biz gənclər inanırıq ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq. Dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməkdə və həll yollarının tapılmasında öz töhfəsini verəcək.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova videokonfransa yekun vuraraq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında QH-da sədrliyi dönəmində ölkəmizin bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəyini bildirib. Hər bir azərbaycanlının Prezident İlham Əliyevlə qürur duyduğunu qeyd edən müavin sonda ölkə başçısının təşəbbüsü əsasında keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasının gələcək işinə uğurlar arzulayıb.