Quruculuq işləri əhalinin ürəyincədir
Son illər ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxt Bakı ilə yanaşı, bölgələrimiz, şəhər və rayonlarımız da gündən-günə müasirləşir, yeni görkəm alır. Dövlətin və ölkə rəhbərinin qayğısı nəticəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da tikinti, abadlıq və quruculuq işləri geniş vüsət alıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq "Azərsu” ASC tərəfindən hazırda Qazax şəhərində içməli su və kanalizasiya sistemi yenidən qurulur. Təqdirəlayiq hal isə odur ki, şəhərin su-kanalizasiya xəttinin çəkilişi başa çatdırılan küçələrində dərhal asfaltlama işlərinə start verilir. Bunu su və kanalizasiya xətlərinin çəkilişi başa çatan Molla Pənah Vaqif və Səməd Vurğun küçələrində aparılan abadlıq işlərindən, yeni asfalt örtüyün döşənməsindən də əyani şəkildə görmək olur. Qazaxlılar şahiddir ki, su-kanalizasiya sisteminin çəkilişlərinə başlanılan ilk gündən rayon rəhbəri şəxsən bu sahəni diqqət mərkəzində saxlayaraq istər çəkilişlər aparılan, istərsə də çəkiliş başa çatan küçələrə baxış keçirir, görülən işlərin keyfiyyəti ilə daim yerində maraqlanır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də Tikinti direktorunun müavini Fəqani Əkbərovla birlikdə su-kanalizasiya sisteminin çəkilişi başa çatan Azadlıq küçəsi 76-da yerləşən üçmərtəbəli, 3 bloklu, 27 mənzilli yaşayış binasının həyətində görülən abadlıq işləri ilə tanış olub. Qeyd etmək lazımdır ki, bina sakinlərinin müraciətini nəzərə alınaraq artıq bloklarda da təmir işlərinə başlanılıb.
Arpa biçininə start verilib
Son illər ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının əsasını təşkil edən taxılçılığın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, bu da taxıl idxalını minimuma endirir. Taxılçılıq ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasında prioritet sahə olub, əhalinin əsas qida olan çörək və digər un məmulatlarına olan tələbatını, eyni zamanda heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatını ödəyir. Bu sahənin inkişafı ilə bağlı dövlətin torpaq mülkiyyətçilərinə verdiyi əlavə subsidiyalar, yeni torpaq sahələrinin dövriyyəyə qatılması, yaradılan infrastruktur, stimullaşdırma tədbirləri ölkədə taxılçılığın ilbəil inkişafına səbəb olur.
Ölkə rəhbərinin taxılçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr son illər Qazaxda da uğurla icra olunur. Belə ki, dövlət və rayon rəhbərliyi tərəfindən diqqət və qayğı, hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, kənd adamları rayonda taxılçılığın inkişafına hər il daha çox maraq göstərirlər.
2020-ci ildə 11395 hektarda taxıl əkilib ki, bunun da 6916 hektarı buğda, 4479 hektarı arpadır. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, zəmilərdə bol məhsul yetişib.
Arpa biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin zamanı təhlükəsizlik tədbirləri ilə bağlı bütün hazırlıq işləri görülüb, texnikalar saz vəziyyətə gətirilib. Biçinlə əlaqədar sahələrə xeyli sayda kombayn cəlb edilib.
Hazırda 4479 hektar arpa sahəsinin 262 hektarında biçin aparılıb. Qalan 4217 hektar sahədə də biçin işləri sürətlə davam etdirilir.
Qeyd: Yazıda göstərilən biçinin hektarı artıq yenilənib. Bu günə kimi 1315 hektar sahədə arpa biçilib.
Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
30 iyun 2020-ci il