Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü 130 dövlətin dəstəkləməsi Azərbaycanın növbəti uğurudur

01 iyul 2020 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünyanın 130-dan çox dövlətinin cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi ilə əlaqədar növbəti videokonfrans təşkil olunub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyevin, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə keçirilən videokonfransda ölkə başçısı İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın qazandığı növbəti uğurdan söhbət açılıb. BMT-yə üzv olan 130 dövlət tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəkləməsi ölkəmizin həyatında baş verən ən əlamətdar hadisələrdən biri hesab edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini–İctimai–siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova videokonfransı giriş sözü ilə açaraq bugünkü görüşün məqsəd və əhəmiyyətini qeyd edib. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri tədbirlərdən danışan müavin bu işlər nəticəsində Azərbaycanın pandemiya ilə mübarizə sahəsində ən uğurlu nəticələr əldə edən ölkələr sırasında dayandığını bir daha vurğulayıb.
G.Həsənova ölkəmizdə yaşanan çətin vəziyyətə baxmayaraq may-iyun aylarının dövlətimiz üçün əlamətdar hadisələrlə yadda qaldığını bildirib. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşünün təşkil edilməsini, həmin tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələrinin də iştirak etməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Xüsusilə də tədbirdə Prezident İlham Əliyevin Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsini ölkəmiz adına atılan uğurlu addımlardan biri hesab edib.
Müavin qeyd edib ki, bu gün böyük sevinc hissi ilə qarşıladığımız hadisə o oldu ki, həmin təklif Nyu-Yorkda 120 Qoşulmama Hərəkatının üzv ölkələri arasında yekdilliklə razılaşdırıldı və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatının ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlandı. BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının "Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş etdi. Qaydalara əsasən, BMT-yə üzv olan 97 ölkənin təşəbbüsə dəstək verməsi kifayət etdiyi halda, 130-a qədər ölkə bu təşəbbüsü dəstəklədi. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin qazandığı növbəti nailiyyət oldu.
Uzun illərdir ki, Azərbaycan dövlətinə qarşı qərəzli mövqedə olan, işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanın məkrli niyyətindən söz açan müavin onların əsl simasının bir daha nümayiş olunduğunu bildirib. Hər zaman olduğu kimi, mənfur düşmənimizin bu dəfə də Azərbaycanın əldə etdiyi uğuru qəbul edə bilmədiyini vurğulayıb. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət olaraq 130 ölkə arasında özlərini rüsvay etdiklərini qeyd edib. Bütün dünyanın COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistanın qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etməklə yanaşı, iç üzlərini də göstərdiyini söyləyib.
RİH başçısı aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın 130-dan çox dövlətinin dəstək verməsi çox önəmli hadisədir, eyni zamanda da diplomatiyamızın böyük uğurudur. Dövlətimizin başçısının bu təşəbbüsünün dəstəklənməsi beynəlxalq miqyasda Azərbaycana olan böyük etimadın və hörmətin, ölkəmizin dünya birliyində nüfuzunun artmasının daha bir göstəricisidir.
A.Vəliyev koronavirus infeksiyasından qorunmaq məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq əhalinin kütləvilik təşkil etdiyi ictimai yerlərdə sosial məsafənin təmin edilməsi, həmçinin tibbi maskadan istifadə ilə bağlı vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb, bununla əlaqədar aidiyyatı üzrə tapşırıq və tövsiyələrini verib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayədəsi Gülnaz Mahmudova, Cəfərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Şahin Mustafayev, Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Zahid Mirzəyev və başqaları çıxış edərək vurğulayıblar ki, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü yekdilliklə dəstəkləməsi bir daha onu göstərdi ki, bu təşəbbüs vaxtında irəli sürülmüş bir təşəbbüsdür. Sevindirici hal isə odur ki, bu təşəbbüs müstəqil, müasir Azərbaycan dövləti və onun güclü lideri tərəfindən irəli sürüldü. Bununla da ölkəmiz bütün dünyaya bəyan etdi ki, Azərbaycan hər bir sahədə öndə olmağı bacarır. Çünki Azərbaycanın son illər əldə etdiyi uğur və nailiyyətlər, apardığı uğurlu siyasət, həyata keçirdiyi böyük layihələr, ev sahibliyi etdiyi böyük tədbirlər, konfranslar bunu söyləməyə əsas verir. Ən əsası isə Azərbaycan xalqı bir daha əmin oldu ki, ulu öndər Heydər Əliyevin bizlərə miras qoyduğu müstəqil Azərbaycan dövlətinin bugünkü taleyi və gələcəyi əmin əllərdədir. Ölkə başçısı İlham Əliyev Ümummilli Liderin dövlətçilik ənənələrinə, yürütdüyü siyasətə sadiqlik nümayiş etdirərək Azərbaycanı parlaq gələcəyə doğru daha böyük inamla irəli aparır. Özündə ölkəmizə olan böyük inam və etimadı əks etdirən bu təşəbbüsün 130 ölkə tərəfindən yüksək səviyyədə dəstəklənməsi də bunun daha bir bariz nümunəsidir.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova videokonfransa yekun vuraraq ölkə başçısının irəli sürdüyü təşəbbüsün belə yüksək səviyyədə dəstəklənməsini başda rayon rəhbərliyi olmaqla, rayon ictimaiyyətinin, ziyalıların da alqışladığını bildirib. Dövlət başçısının qazandığı uğuru minnətdarlıq hissi ilə qeyd edən müavin sonda ölkə başçısının təşəbbüsü əsasında keçiriləcək BMT Baş Assambleyasının xüsusi sessiyasının gələcək işinə uğurlar arzulayıb.

Keçidlər