Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda mobil qrup üzvlərinə tapşırıqlar verilib

02 iyul 2020 | 16:00

 

İyulun 1-də Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən Baş Nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətə dair geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
Bu gün həmin videomüşavirədə səslənən tapşırıqların icrası ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin və yeni yaradılmış mobil qrup üzvlərinin iştirakı ilə iclas keçirilib.
Şəhər və kəndlər üzrə hər birinin tərkibi 5 nəfərdən ibarət 30 yeni yaradılmış mobil qrupun üzvləri ilə birlikdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə həyata keçiriləcək işlər müzakirə olunub. Epidemiya ilə bağlı xüsusi karantin rejimi dövründə vətəndaşların sosial izolyasiya qaydalarına əməl etməsi və ünsiyyətin minimuma endirilməsi məqsədilə maarifləndirmə işlərinin təşkili ilə bağlı aidiyyatı üzrə tapşırıqlar verilib.
Qrup üzvlərinə vətəndaşların kütləvilik təşkil etdiyi ərazilərdə sakinlərlə karantin rejiminin tələbləri və davranış qaydaları barədə, şəxsi gigiyena qaydalarına əməl etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları, yalnız ciddi ehtiyac yarandığı halda evdən çıxmaları, digər şəxslərlə minimum kontaktda olmaları, hərəkət və ünsiyyət zamanı sosial məsəfənin qorunması ilə bağlı maarifləndirici söhbətlər aparmaları tapşırılıb. Həmçinin Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov tərəfindən imzalanmış xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29 may 2020-ci il tarixli 189 nömrəli Qərarın tələblərinə ciddi şəkildə əməl etmələri, tibbi maska, parça maska, respirator, tibbi spirt və s. istifadə olunması haqqında vətəndaşlara məlumatların çatdırılması bildirilib.
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən bütün tədbirlərin kökündə vətəndaş amilinin dayandığını qeyd edən icra başçısı bu mübarizədə hər kəsin həmrəylik nümayiş etdirməsini bildirib.

 

Keçidlər