Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı bir qrup Polis əməkdaşını peşə bayramları münasibətilə təltif edib

02 iyul 2020 | 16:00

Bu gün Azərbaycan Polisi yaranmasının 102-ci ildönümünü qeyd edir. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Azərbaycan Polisinin yaranmasının 102 illiyi” münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon Polis Şöbəsinin bir qrup əməkdaşını Fəxri Fərmanla təltif edib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək 102 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkaşlarının peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik edib. Qeyd edib ki, nitqimi ulu öndər Heydər Əliyevin Polis haqqında işlətdiyi bir ifadə ilə başlamaq istəyirəm: “Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır”. Azərbaycan polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Zəngin tarixi təcrübəsi olan Azərbaycan polisi öz peşə bayramını da məhz ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildən qeyd edir. Azərbaycan polisinə verilən bu önəmin səbəbi isə ondan qaynaqlanır ki, Ulu Öndər ictimai sabitliyin qorunub saxlanmasında, cinayətkarlıq hallarının qarşısının alınmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Azərbaycan polisi dövlətə və xalqa yüksək sadiqlik nümayiş etdirməklə mühüm vəzifələrinin öhdəsindən həmişə layiqincə gəlib.
İcra başçısı qeyd edib ki, bu gün Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təminində, daxili sabitliyin yaradılması sahəsində qanunla müəyyən edilən vəzifəsini layiqincə yerinə yetirir. Bütün dünyada, o cümlədən də ölkəmizdə tüğyan edən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlərdə daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti, dövlətimizə olan dəstəyi danılmazdır. Istər ictimai asayişin qorunmasında, istər vətəndaşların təhlükəsizliyinin təmin edilməsində polis əməkdaşlarının gördükləri işlər minnətdarlıqla qarşılanmalıdır.
Rayon rəhbəri bildirib ki, Ulu Öndərin hüquq-mühafizə orqanları ilə bağlı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkə başçısının polis əməkdaşlarının əməyini yüksək qiymətləndirərək hər zaman orden və medallarla, xüsusi rütbələrlə mükafatlandırması onlara olan qayğının əyani göstəricisidir.
Rayon Prokuroru Rauf Gözəlov çıxış edərək əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarını təbrik edib, polisin şanlı tarixinin ən mühüm mərhələlərinin, dövlətə sədaqətli xidmət ənənəsinin başlanğıcının ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olduğunu, Azərbaycan Polisinin ölkədə təhlükəsizliyin, sabitliyin, asayişin təminatçısı olduğunu bildiriblər. 102 illik tarixə malik Azərbaycan Polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini qeyd edib.
Sonra Qazax RPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyevə, Qazax RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Murad Qurbanova, Qazax RPŞ-nin YPX-nin baş inspektoru, polis kapitanı Fərid Əliyevə, Qazax RPŞ-nin MSY-nin rəisi, polis baş serjantı Ruslan Çobanova “Azərbaycan Polisinin yaranmasının 102 illiyi” münasibətilə xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilib.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıb. Ə.Əliyev ümummilli lider Heydər Əliyevin müvafiq Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunmasını polis işçilərinə göstərilən qayğının təzahürü kimi qiymətləndirib. Qeyd edib ki, rayon polis şöbəsinin əməkdaşları Azərbaycan qanunlarına, xalqa, Vətənə, ümummilli lider Heydər Əliyev ideyalarına və Prezident İlham Əliyevə daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlar.

 

 

 

Keçidlər